Dastanlar: İSTİSU DASTANI

“SƏRRAF QASIMIN İSTİSUYA SƏFƏRİ” DASTANI

(Sərraf Qasımın Kəlbəcərdəki İstisuya səfərə getməsi barədə yaranmış dastan)

DİQQƏT: Təqdim olunan bu versiya, “SƏRRAF QASIMIN İSTİSUYA SƏFƏRİ” dastanının professor Əsgər Qədimovun mülahizələri əsasında hazırlanmış qısa versiyasıdır. Dastanın tam versiyası hazır vəziyyətə gətirildikdən sonra sayta yerləşdiriləcək.

Sərraf Qasımın dastan-səfərnamələrindən biri də onun Sabirabaddan işləmək üçün Naxçıvana qayıdışı ilə bağlıdır.

Sərraf Qasım bu dastanı “Sərraf Qasımın İstisuya səfəri” adlandırmışdır. 1967-ci ildə institutu bitirib iki il Sabirabadda işləyən Sərraf Qasım 1969-cu ildə öz vətəni Naxçıvana qayıdır. Dost bildiyi adamlar söz vermişdilər ki, onu Naxçıvanda işə düzəldəcəklər. Dostlarının yağlı dilinə aldanan Sərraf Qasım Naxçıvanda iş tapa bilməyib məyus olur. Dostlarından gördüyü etibarsızlıq ona çox təsir edir.

Dastanın bu hissəsi klassik Azərbaycan dastanlarının ibrətamiz, didaktik xarakter daşıyan süjet motivlərini xatırladır. Taledən, zəmanədən, dostlardan şikayət və giley-güzar üzərində qurulan süjetin bu hissəsində Sərraf Qasımın incikliyi verilir:

Əbəs yerə sənə salam verməzlər,

Yoxsul olsan, cibdə nağdın olmasa.

Xərac toplamazlar, bac göndərməzlər,

Əgər səltənətin, taxtın olmasa.

Dünyada ya alçal, ya da ki, ucal,

Köçəcəksən, gənc ol, ya da ki, qoca.

Yox çarə, gözləmə əcəldən macal,

Tapmasan incimə, vaxtın olmasa.

Sərraf Qasım, şirin tale butası

Kimə verilməsə, budur qaydası.

Dostlar, nədi yaşamağın faydası,

Ötkün sözün, yeyin bəxtin olmasa.

Naxçıvanda çıxılmaz vəziyyətdə qalan Sərraf Qasım işləmək məqsədilə yenidən Sabirabada qayıdır. Lakin orada da iş tapmaq mümkün olmur. Sərraf Qasım xəstə halda İstisuya (Kəlbəcər) gəlir, burada toy olduğunu görür.

Dastanın bu hissəsində Sərraf Qasımın Naxçıvan aşıqlarından olan Aşıq Həmidlə görüşü verilir. Aşıq Həmidin əsli Ermənistandan idi. Lakin ermənilərlə olan ixtilaflar zamanı oranı tərk edib Naxçıvana köçmüşdü və Şərurun Şəhid Məmməd (İndiki Danyeri) kəndində yaşayırdı. O, tez - tez Azərbaycan rayonlarına, İstisuya gedib toylar aparardı. Bu dəfə də İstisuya toya gəlmişdi.

Aşıq Həmid dostu Sərraf Qasımı İstisuda görüb çox sevinir və ona xoşgəldin edir:

Qədəm qoyub İstisuya xoş gəldin,

Gözüm üstə sənin yerin var, Sərraf.

Dost yolunda xeyli zəhmət çəkmisən,

Mən səndə görürəm etibar, Sərraf.

Sərraf Qasım:

Qardaş, İstisuya qonaq gəlmisən,

Bil, məni gəzdirir ahu zar, aşıq.

Altı il oxudum, bəhrəsiz oldu,

Dərmədim o bağdan bir nubar, aşıq.

Aşıq Həmid:

Hər zaman sənintək el şairini

El sevər, necə ki, Fərhad Şirini.

Dinləmək istəyir hər şeirini,

Bu şən ellər, bu şən obalar, Sərraf.

Sərraf Qasım:

Pula pul deməyən pullular çoxdur,

Bu da bir dövrandır, bu da bir vaxtdır.

Haqqa möhüb düzən mərd kişi yoxdur,

Çəkirəm avara qəm, qubar, aşıq.

Aşıq Həmid:

Aşıq Həmid deyər: könlüm abaddır,

Ay aşıq dost, adın vüqarlı addır.

İstisu da gəlişinlə çox şaddır,

Bayram donu geyib bu dağlar, Sərraf.

Sərraf Qasım:

Sərraf Qasım deyər xoşdur avazın,

Ruhları oxşayır havası sazın.

Mübarəkdir burda baharın, yazın,

Sənətin gül açıb, bəxtiyar aşıq.

Bundan sonra Aşıq Həmid Sərraf Qasımdan Kəlbəcərə, İstisuya necə olub gəldiyini soruşur. Sərraf Qasım izah edir ki, iş dalınca gəlmişdim, tapa bilmədim və xəstə halda İstisuya gəlmişəm. Aşıq Həmid hiss edir ki, Sərraf Qasım işləmir, yəqin pulu da yoxdur, pulsuzluq onu üzüb. İstəyirdi ki, bir söz desin, Sərraf Qasım onu qabaqladı və dedi:

Dostlar, həqiqətdi, yalan deyil ki,

Hər vaxt əldə olar gözü pulsuzun.

Adəti belədir, boynunu bükər,

Yazıq-yazıq baxar özü pulsuzun.

Məyus gəzər, intizarı canında,

Min yamaq görərsən onun donunda.

Qohum-qardaş, dost-tanışın yanında

Utanar, qızarar üzü pulsuzun.

Yoxsula deyərlər dəli, ağılsız,

Nə çarə eyləsin bəxtsiz, iqbalsız?

Pullu qarşısında dilənsə pulsuz,

Onda yerə düşər sözü pulsuzun.

Aşıq Həmid mərd adam olduğundan Sərraf Qasıma söz verir ki, ona kömək edəcək. Dostunun bu səxavəti qarşısında Sərraf Qasım aldı görək nə dedi:

Sərraf Qasım:

Aşıq Həmid, mərd körpüsün keçəndə

Yesin, parçalasın mərd aslan məni.

Namərd körpüsündən keçsəm, qoyma sən,

Qoy soysun, talasın mərd aslan məni.

Aşıq Həmid:

Sərraf Qasım, mərd körpüsün kecəndə

Yeməz, parçalamaz mərd aslan səni.

Namərd körpüsündən keçsən, qoymaram,

Nə soymaz, talamaz mərd aslan səni.

Sərraf Qasım:

Dar gündə əl versin insana insan,

Lazımsa nan versin, lazımsa qurban.

Dostsan, et dərdimə çarə, mehriban,

Duz kimi yalasın mərd aslan məni.

Aşıq Həmid:

Namərdi seçməyib mərd ilə qatsan,

Namərd dostun namərd qoynunda yatsan,

Vacib bir işini namərdlə tutsan,

Duz kimi yalamaz mərd aslan səni.

Sərraf Qasım:

Sərraf Qasım deyər mərd ana kimi,

Ana çəkməlidir dərd ana kimi.

Bu aləmdə əfzəl, dörd ana kimi,

Qanıma bulasın mərd aslan məni.

Aşıq Həmid:

Aşıq Həmid oxur mərd eşqi üçün,

Mərd ana çəkdiyi dərd eşqi üçün.

Pənci-əla, şair, dörd eşqi üçün.

Qanına bulamaz mərd aslan səni.

Dastanın bu hissəsində Sərraf Qasımın cığalı təcnis üstündə işsizlikdən giley-güzarı və Aşıq Həmidin ona təsəllisi verilir:

Aşıq Həmid, qəm gölünə düşdüm, bax,

İstərəm leysantək a yağam indi.

Aşiq a yağam indi,

Gələ ay ağam indi.

Aça dərgah qapısın,

Mənim ay ağam indi.

Müşkülə bəxş edə müşkül açarın,

Harayıma çata ay ağam indi.

Aşıq Həmid:

Sərraf Qasım, tale üzümə gülür,

Ağ gündə yaşaram, ay ağam indi.

Mən aşıq ağam indi,

Yol açar ağam indi.

Bax gor kimdi köməyim,

Taledir ağam indi.

Çox şükür, çıxmışam qəm gölündən mən,

Nə üçün leysantək a yağam indi?

Sərraf Qasım:

Mən yaşaram bu dünyada xəcalət,

Ya küskün, ya peşiman, ya da xəcalət.

Mən aşiqəm xəcalət,

Xəcalətəm, xəcalət,

Həyatda çox eyləyib

Bəxtim məni xəcalət.

Sığınnam qohuma, yada xəcalət,

Bir üzü qara, bir üzü ay, ağam indi.

Aşıq Həmid görür ki, dostu işsizlikdən çox qəmgindi, odur ki, təklif edir ki, İstisu yaylağına seyrə çıxsınlar.

Aşıq Həmid:

Əzəl şahidimiz tarixlər olsun,

İstisuda qoşa gəzək biz, şair.

Zamandan zamana yadigar qalsın.

Mən oxuyum, siz də qoşun söz, şair.

Seyr edək vüqarlı, bu dəli dağı,

Çoxdan intizardı Ceyran bulağı.

Nə müddətdir gəlmir onun qonağı,

Vurğun burda gəzib, sən də gəz, şair.

Aşıq Həmidin bu sözlərindən sonra Sərraf Qasım Ceyran bulağının başında dayanıb bu yerləri tərif edir.

Aldı Sərraf Qasım:

Kim bilir ki, neçə yoldaş, neçə yar

Məhəbbət dastanın yazıb bu yerdə.

Dilimdən var gəlmir, necə deyim mən

Yar-yarından əlin üzüb bu yerdə.

Düşünmə, yerində durubdu zaman,

Qocaman şahiddir, görübdü zaman.

Çoxların yolunda yorubdu zaman,

Dost düşmənə məzar qazıb bu yerdə.

Mərd yaşamış, mərd də ölmüş babalar,

Bunu deyib bizim ellər, obalar.

Şahzadə cavanlar xan məhbubalar

Qol-boyun oynayıb, süzüb bu yerdə.

Azərin ibtida kəmər bəstəsi,

Ulu Babək olub ilk sərkərdəsi.

Bəlkə Cavanşirin atlı dəstəsi

Nizamla sırasın düzüb bu yerdə.

Dünya boşalacaq, dünya dolacaq,

Söz xəzinəsində sözüm qalacaq!

Nəsillər oxuyub xatırlayacaq:

Bir vaxt Sərraf Qasım gəzib bu yerdə.

Dastanın sonu iki aşıq-şair dostun İstisu ilə vidalaşıb Naxçıvana qayıtmaları ilə tamamlanır.

Yığcam süjet əsasında verilən bu dastanda mənəvi-əxlaqi dəyərlər çoxdur. Sənətkar taleyi və iqtisadı güzəran problemi, haqq-ədalət axtarışları, mərdanəlik, dostluqda sədaqət, var-dövlət düşkünlərinə tənqidi münasibət, dar gündə yoxsullara əl tutmaq və s. bu kimi müsbət mənəvi keyfiyyətlər dastanda əsas ideya kimi verilmişdir.

* * *

Bu dastan aşağıdakı mənbələrdə çap olunmuşdur:

1. “XVII-XX əsrlər və ÇAĞDAŞ NAXÇIVAN AŞIQLARI” kitabı, 2-ci cild, Əsgər Qədimov, Naxçıvan, "Əcəmi", 2017, 464 səh. Kitaba bax...>>

2.