Dastanlar: GƏNCƏ AŞIQLARI DASTANI

“SƏRRAF QASIM və GƏNCƏ AŞIQLARI” DASTANI

(Sərraf Qasım ilə Gəncə aşıqlarının deyişməsi əsasında yaranmış dastan)

DİQQƏT: Təqdim olunan bu versiya, “SƏRRAF QASIM və GƏNCƏ AŞIQLARI” dastanının professor Əsgər Qədimovun mülahizələri əsasında hazırlanmış qısa versiyasıdır. Dastanın tam versiyası hazır vəziyyətə gətirildikdən sonra sayta yerləşdiriləcək.

Sərraf Qasımın dastan və deyişmələrindən biri də Sərraf Qasımın Gəncə səfərinə, eləcə də Gəncə aşıqlarının Naxçıvan səfərinə həsr edilmişdir. Gəncə aşıqlarından Aşıq Cuma və Aşıq Mais ilə görüşən aşıq və şair Sərraf Qasım bu aşıqların hər ikisi ilə öz görüşünü dastanlaşdırmışdır. Aşıq Cuma ilə Sərraf Qasımın Gəncədə olan görüşmələri 1972-ci ilin may ayında olmuş, Aşıq Cuma öz sənət dostu aşıq və şair Sərraf Qasımı Gəncədə öz evinə dəvət etmişdir. Dastanda Aşıq Cumanın Sərraf Qasıma xoşgəldin etməsi belə verilir:

Aşıq Cuma:

Bizim fəxrimizsən, ay el şairi,

Xoş gəlmisən Naxçıvandan Gəncəyə.

Baxırsan, hər tərəf gülüstan yeri,

Xub yaraşır gülü xəndan Gəncəyə.

Sərraf Qasım:

Ay el yaraşığı, ay el aşığı,

Bağlıyam ürəkdən, candan Gəncəyə.

Bilirsənmi dostun haradan gəlib?

Tac damardan axan qandan Gəncəyə

Aşıq Cuma:

Memarın qoyduğu ada bax, ada,

Əhsən buna təməl qoyan ustada.

Şirinlikdə misli yoxdur dünyada,

Bir pay verilibdir şandan Gəncəyə.

Sərraf Qasım:

Qələm əldə neçə yazanlar küsüb,

Onlar bu dünyadan ülfətin kəsib.

Sərraf Qasım deyər olmayıb nəsib

Yadigar söz hər insandan Gəncəyə.

Aşıq Cuma:

Aşıq Cuma dostluq bağın becərsin,

O bağ bara dolsun, bəhrəsin versin.

Onun bərəkətin Naxçıvan görsün,

Təvəqqəm var bir bağmandan Gəncəyə.

Sərraf Qasım görür ki, Aşıq Cuma dostluqda möhkəm adama oxşayır, odur ki, özü də dostluq barədə ona deyir:

Sərraf Qasım:

Cuma qardaş, dünya kimi

Etibarsız bilmə məni.

Etmə dünya kimi dostluq,

Kitabından silmə məni.

Bizlərə əcəl gəlincə,

O fələk bizə gülüncə,

Varam dostluqda ölüncə,

Nəzərindən salma məni.

Mən Sərraf Qasımam səmim,

Yoxdur səndən qeyri kimim.

Dostluqda oldun müəllimim,

Dəvət etdin elmə məni.

Dastanın sonrakı hissəsində Aşıq Cuma ilə Sərraf Qasımın dünya və yaradılış haqqında divani üstündə fəlsəfi fikirləri verilir:

Sərraf Qasım:

Qəvastək bəhri-dünyada

Dərin, dayaz üz, Cuma.

İncimə bəxtdən, taledən,

Kədər versə üz, Cuma.

Yaradanın hökmü ilə

Gərdiş belə başlanıb.

Doğulandan ölənədək

Bu yol gedir düz, Cuma.

Aşıq Cuma:

Etibarsız bu dünyada

Bir doyunca gəz, Sərraf.

Köçəcəksən, əlac yoxdur,

Ya gec, ya da tez, Sərraf.

Çürüyəcək şirin canın

Qoyulanda torpağa.

Heç kim səni yada salmaz

Qoymasan bir iz, Sərraf.

Dastanda bu məsələ geniş poetik nümunələr əsasında verilsə də, Aşıq Sərraf Qasım dostu Cumadan Gəncə aşıqları haqqında da sorğu sorur. Vaxtı ilə gəncəli Aşıq Qədiri tanıyan Sərraf Qasım indi onun harada olduğunu və bu məclisə nə üçün gəlmədiyini soruşur. Aşıq Sərraf Qasıma bildirirlər ki, Aşıq Qədir dünyasını dəyişib. Bu xəbərdən məyus olan Sərraf Qasım aşıq dostu haqqında deyir:

Qonağam Gəncədə xəyal içində,

Sən düşürsən yada, ay Aşıq Qədir.

Ölməmisən sən ey ölməz sənətkar,

Layiqsən o ada, ay aşıq Qədir.

Səni bəxş eyləyən səni də aldı,

Amansız fələk köç təbilin çaldı.

Ömür etibarsız, vəfasız oldu,

Vaxtsız getdin bada, ay Aşıq Qədir.

Qarışdın ellərin xeyir, şərinə,

Sənətkar, ağsaqqal, cavan yerinə.

Nə vəsiyyət etdin şagirdlərinə,

Nə oldu son vida, ay Aşıq Qədir?

Əcəl əldə tutdu dolu niyala,

İçirib səni də tez saldı yola.

Sərraf Qasım deyər: görmədim ola

Kam alan dünyada, ay Aşıq Qədir.

Məclisdəkilər Aşıq Sərraf Qasımın bu sözlərindən çox məyus olurlar. Bu məyusluq Aşıq Sərraf Qasımın da kədərinə səbəb olur və o, Aşıq dostu Cumaya öz həyatının kədərli çağlarından söz açır. Məlum olur ki, Sərraf Qasım həyatda sevgisində uğur qazana bilməmişdir:

Sərraf Qasım:

Aşıq Cuma, bu dünyanın əlindən

Mən nələr çəkmişəm, haşa, dünyada.

Əzəl məhəbbətim, eşqim puç oldu,

Sevda oxum dəydi daşa dünyada.

Aşıq Cuma:

Sərraf Qasım, hər qovğaya tab gətir,

Bir qəza gələndə başa dünyada.

Deyirlər pis günün yaxşısı da var,

Yaz gəlir, nəs demə qışa dünyada.

Sərraf Qasım:

Səyyadam, hədəfim bir maraldı,

Eşq əlindən sinəm çarpaz yaradı.

Demirəm, qoy qalsın sir maral adı,

Əməli gəlmədi xoşa dünyada.

Aşıq Sərraf Qasımın taleyindən şikayəti Aşıq Cumanı kədərləndirir. O, Aşıq dostuna bədəsildən, nanəcib gözəllərdən uzaq durmağı tövsiyə edir:

Aşıq Cuma:

Aşıq, səni arxandakı el qınar,

Bədəsildən, nanəcibdən ol kənar.

Saysız yara can deməynən nə qanar?

Ondan əl çək, onsuz yaşa dünyada.

Sərraf Qasım:

Ciskin oldu, dağlar başın qar aldu,

Aşiq oldum, bu gen dünya daraldı.

Sərraf Qasım bir yar sevdi, yar aldı,

Yarınan gəzmədi qoşa dünyada.

Aşıq Cuma:

Dostu dost ağlayar, düşmənlər gülər,

Dərdsiz olan dərdli qədrin nə bilər?

Aşıq Cuma, insan ancaq haq dilər,

Düşəndə çox çətin işə dünyada.

Dastanın sonluğu Aşıq Sərraf Qasımın Gəncə aşıqlarını tərif etməsi ilə tamamlanır. O, dostu Aşıq Cumanı, Aşıq Maisi, Aşıq Siracı, Aşıq Zeynalı və Aşıq Qədiri aşıq sənətinin dəyərli nümayındələri kimi səciyyələndirir:

Oxuyanda valeh eylədin məni,

Düşündürdün, şirin laylalı Cuma.

Əsrlər oyandı sazın səsinə,

Oldular qəflətdən aylalı, Cuma.

Qoy bu Gəncə bilsin, yeri gəlmişkən,

Aşıqları, ustadı bir-birindən

Unutmam Qədirin haqqı-sayın mən.

Maisi, Siracı, Zeynalı, Cuma.

Sərraf Qasım, onlar gircək meydana,

Bənzərlər Qoç Koroğlutək aslana.

Boz at üstə Nəbi gəlir cövlana,

Sanki çiynində də aynalı, Cuma.

Dastanın ikinci hissəsi isə Gəncə aşıqlarının Naxçıvan səfərinə həsr olunub. Günlərin birində Sərraf Qasım eşidir ki, Gəncə aşıqları Naxçıvana qonaq gəliblər. Odur ki, çox sevinir və onları qarşılamağa gedir. Dastanın bu hissəsi Naxçıvan – Gəncə aşıq yaradıcılığı əlaqələrinin qiymətləndirilməsi baxımından çox əhəmiyyətlidir. Dastanda Sərraf Qasımın Gəncə aşıqlarını qarşılayıb onlara xoşgəldin etməsi belə verilir:

Bizim Naxçıvana siz xoş gəldiniz,

Qarşıladı əhli-hal, aşıqları.

Sevdamı sevdaya qatıb böldünüz,

Təzələndi ruhum, el aşıqları.

El aparar sizi xeyir işinə,

Dost eylər, gedərsiz sifarişinə.

Gəncədən gəlmisiz dost görüşünə,

Yormaz belə uzaq yol aşıqları.

Qalxın dağlarına, gəzin aranı,

Tarix düzmüş bu pozulmaz sıranı.

Qaraçıoğluyla, ustad Qaranı,

Sərraf Qasım, yada sal aşıqları.

Dastanın bu hissəsində Gəncədən gəlmiş Aşıq Cuma, Aşıq Mais və Aşıq Teymurun Sərraf Qasımla deyişmələri verilir. Bu deyişmələr Gəncə – Naxçıvan aşıq mühiti əlaqələri tarixinin araşdırılması üçün dəyərli tarixi-bədii sənəddir.

Sərraf Qasımın xoşgəldin eləməsindən sonra dastanda söz gəncəli Aşıq Cumaya verilir:

Naxçıvanda əcəb xoş qarşıladın

Qədəmlərin üstə bizi sən, Sərraf.

Ürəklə mehriban dost gəlişində

Dosta qurban kəsdin quzu sən, Sərraf.

Oxuyub çatdırdıq ərşə avazı,

Aramla oynatdıq bu Xan Arazı.

Dostluq məclisində biz çaldıq sazı,

Saldırdın manqala közü sən, Sərraf.

Aşıq Cuma deyər: qoy coşsun ürək,

Ömrümüzün şirin bəhrəsin görək.

Dostluqda qaladır kəsilən çörək,

Səpdirdin kababa duzu sən, Sərraf.

Gəncə aşıqlarından Aşıq Mais və cavan Aşıq Tural da sazlarını götürüb Naxçıvanın aşıq qonaqları qarşılamasına tərif deyirlər. Dastanda bu aşıqların tərifləri belə verilir.

Aşıq Mais:

Bir gözəl adət var bu Naxçıvanda,

Elin hörməti var elə, deyirlər.

Hər gələn qonağa ehtiram edib,

Tutarlar çox şirin dilə, deyirlər.

Aşıq Teymur:

Şərqin qapısında, Nəqşi-cahanda

Qonağa – “xoş gəldin, bala” – deyirlər –

“Halal tikəmizin şəriki yoxdur,

Buyur, qismətini ala”, – deyirlər.

Aşıq Mais:

“Aşıq qardaş, şad olasan, güləsən,

Ağır məclislər qur, toylar elə sən.

Sağ-salamat gedib, yenə gələsən”, –

Arxanca su atıb yola, deyirlər.

Aşıq Teymur:

Salır telli sazın sədəfi işıq,

Bizim mağarlara verir yaraşıq.

"Nə ola getməyə hörmətli aşıq,

Hər vaxt bizim eldə qala”, – deyirlər.

Aşıq Mais:

Gəncəli Maisəm, hakim zamandır,–

“Ey aşıq, zamanın hökmü yamandır.

Qəflətdən özünü gözlə, amandır,

Ya nəsib, tökülən dola,” – deyirlər.

Aşıq Teymur:

Mən Aşıq Teymuram, məkanım Gəncə,

Könlüm fərəhləndi sizə gəlincə.—

“İnsanda ehtibar ola ölüncə,

Bir-birinə səcdə qıla,” – deyirlər.

Gəncə aşıqlarının bu tərifindən sonra məclis əhli olan Naxçıvan ağsaqqalları Sərraf Qasımla Aşıq Cumadan xahiş edirlər ki, onlar qıfılbənd üstündə deyişib məclisi şənləndirsinlər. Hər iki aşıq ağsaqqalların xahişini qəbul edib deyişirlər. Bu deyişmədə ilk olaraq Sərraf Qasımın sorğusu cığalı təcnis üstündə verilir.

Sərraf Qasım:

Məndən salam olsun Aşıq Cumaya,

Əlif hakim etdi nəyi dal-dala?

Mən aşiqəm dal-dala,

Nə yarandı dal-dala?

Əzəlin lövhəsindən

Asıldı nə dal-dala?

Kimin qapısından yetdi Cumaya

Neçə ünsür bir-birindən dal-dala?

Aşıq Cuma:

Məndən salam olsun Sərraf Qasıma,

Əlif hakim etdi heyi dal-dala?

Mən aşiqəm dal-dala,

Hey yarandı dal-dala.

Əzəlin lövhəsindən

Asıldı mim dal-dala.

Əhməd qapısından yetdi Cumaya

İki ünsür bir-birindən dal-dala.

Sərraf Qasım:

Neçə fələk neçə ilə zər şəmsi?

O neçənci peyğəmbərdi zər şəmsi?

Mən aşiqəm zər şəmsi,

Zərrə haqqı, zər şəmsi.

Neçəynən həlqələndi

Əzəl-axır zər şəmsi?

O kimdir ki, o kiminən zər şəmsi?

Bağlanmışdır neçə xilqət dal-dala?

Aşıq Cuma:

Yeddi fələk doqquzunan zər şəmsi,

Axırıncı peyğəmbərdi zər şəmsi.

Mən aşiqəm zər şəmsi,

Zərrə haqqı, zər şəmsi.

Beşinən həlqələndi

Əzəl-axır zər şəmsi.

Yaradandır yarananla zər şəmsi,

Bağlanmışdır iki xilqət dal-dala.

Sərraf Qasım:

Sərraf deyər on iki nə, min bir nə?

Sərəncamda on iki nə, min bir nə?

Mən aşıqəm min bir nə?

De on iki, min bir nə?

Sən nəyinən inandın

On iki nə, min bir nə?

Vardır məkanında onun kimi nə?

Hansı yerdə, nə məkandır dal-dala?

Aşıq Cuma:

Aşıq Cuma deyər on iki, min bir,

On iki imamdır, vahiddir min bir.

Aşıq on iki, min bir,

Haqdır on iki, min bir.

Mən Quranla inandım,

Sevgim on iki, min bir.

Yoxdur məkanında onun kimi bir,

O, yersizdir, biməkandır dal-dala.

Dastanda Sərraf Qasımla Aşıq Cumanın cığalı təcnis üstündə verilən bu deyişmələri müəmmalı xarakter daşıyır və hər iki aşığın sənətkarlıq məziyyətlərini üzə çıxarır. Belə ki, deyişmələrdəki müəmmaların açılışa, izaha ehtiyacı vardır.

Deyişmənin birinci bəndində Sərraf Qasım Aşıq Cumadan sual edib Allahın yer üzünü kimə xatir yaratdığını və həmin kəsin Cumaya nə bəxş etdiyini soruşur. Bu sual əski əlifbada işlənən “əlif”, “mim”, “dal” hərfləri əsasında verilir. Aşıq Cuma isə bu suala “əlif”, “hey”, “mim” və “dal” həriflərinin dal-dala düzülməsi ilə düzgün cavab verir. Bu həriflərin düzülüşündən “Əhməd” sözü oxunur ki, bu da həzrəti Məhəmməd (s) peyğəmbərin adıdır. Yəni Allah tala Məhəmməd (s) peyğəmbərə xatir yer üzünü yaratmış, Məhəmməd (s) qapısından isə iki ünsür – günəş və ay yetmişdir.

İkinci bənddə Sərraf Qasımın sorğusunda işlənən “zər şəmsi” zərrə nuru, zərrə günəşi mənasındadır. Bu, bütün mövcudatın ilahi nurun zərrəsindən yaranmasına işarədir. Aşıq neçə fələyin, göyün təbəqələrinin ilahi nurdan nəşət etməsini, neçə xilqətin bir-biri ilə bağlanmasını soruşur.

Aşıq Cuma isə yeddi fələyin doqquz təbəqə ilə həmzər, yəni eyni nurdan yarandığını və beşinən həlqələndiyini söyləyir. Şeirdə işlənən beş ifadəsi isə Əhli-beytə, yəni Məhəmməd (s) peyğəmbərin ailəsinin beş üzvünə işarədir. Şeirin son iki misrası isə iki xilqətin, yəni Allahla onun xəlq etdiyi xilqətin vəhdətdə olmasına işarədir.

Sərraf Qasımın üçüncü sorğusunda “on iki”nin və “min bir”in nə olduğu və Allahın hansı məkanda olduğu sual olunur. Aşıq Cuma isə bunu on iki imam və Allahın min bir adı ilə izah edir və Allahın laməkan, yersiz olduğunu söyləyir. Bu yolla qıfılbənddə müəmmalar açılır. Qıfılbəndlər və ona verilən cavablar həm Sərraf Qasımın, həm də Aşıq Cumanın klassik dastan poetikası ənənələrinə yaxından bələd olduqlarını nümayiş etdirir.

Bu qıfılbəndlərdən sonra Aşıq Cuma ilə Sərraf Qasımın divani üstündə deyişmələri verilir. Sual-cavab şəklində olan deyişmələr dini məzmun daşıyır. Deyişmə ilə Gəncə aşıqlarının Naxçıvan səfəri yekunlaşır və onlar Gəncəyə qayıdırlar.

Bu dastan Aşıq Sərraf Qasımın Gəncə aşıqları ilə olan dostluğunu üzə çıxarmaqla yanaşı Naxçıvan – Gəncə aşıq mühitləri əlaqələrinin dəyəndirilməsi baxımından da dəyərlidir.

* * *

Bu dastan aşağıdakı mənbələrdə çap olunmuşdur:

1. “XVII-XX əsrlər və ÇAĞDAŞ NAXÇIVAN AŞIQLARI” kitabı, 2-ci cild, Əsgər Qədimov, Naxçıvan, "Əcəmi", 2017, 464 səh. Kitaba bax...>>

2.