Dastanlar: DAĞISTAN SƏFƏRİ DASTANI

“SƏRRAF QASIMIN DAĞISTAN SƏFƏRİ” DASTANI

(Sərraf Qasımın 1968-ci ildə Dağıstana baş tutan səfərində baş vermiş əhvalatlar)

Dastanın 1980-cı ildə qeyri-mətbəə üsulu ilə çap olunmuş TAM versiyasına (kitab halında - PDF) baxmaq üçün buraya daxil olun >>

* * * * *

Aşağıda təqdim olunan versiya, bu dastanının professor Əsgər Qədimovun mülahizələri əsasında hazırlanmış qısa versiyasıdır.

Sərraf Qasımın dastansayağı səfərnamələri içərisində “Sərraf Qasımın Dağıstan səfəri” adlı dastan-səfərnaməsi də xüsusi yer tutur. Bu dastan-səfərnamə özünün poestruktur xüsusiyyətləri baxımından dastan poetikası ənənələrinə daha çox yaxındır. Klassik dastanlarımızda olduğu kimi, bu dastan da ibrətamiz ustadnamələrlə başlayır:

Yüz dəfə seç bir dəfə tap məkanı,

Qovğalı dağlardan yurdluq gözləmə.

Xaniman tikəndə tir sal poladdan,

Boz söyüddən, şamdan sərtlik gözləmə.

Arxalanma zatı qırıq köpəyə,

Baş qarışar südlü yala, əpbəyə.

Canavar gələndə çıxmaz təpəyə,

Hər qorxaq tuladan qurdluq gözləmə.

Sərraf Qasım, ayağını çəkəndən,

Xörəyini yeyib, bir gün tökəndən,

Xəbis ürəyində böhtan əkəndən

Sən namərdlik gözlə, mərdlik gözləmə.

Dastanın ikinci ustadnaməsində elm, kamal kəsb etmək, namus, qeyrət sahibi olmaq, abır və ismət gözləmək, sərxoşluqdan uzaq olmaq, lovğalıq etməmək kimi əxlaqi keyfiyyətlər təbliğ olunur:

Sən arif ol, cahil olma dünyada,

Kamal dəryasına dol cavanlıqda.

Gözlə namus, qeyrət, fikir ver ada,

İsmətli, abırlı ol cavanlıqda.

Budaqdan düşərsən, çox tez yetişmə,

Lovğa-lovğa gəzib, bığını eşmə.

Elin baxışında nəzərdən düşmə,

Sevimli ol, sevsin el cavanlıqda.

Sərraf Qasım ustadnamədə təmiz sevgi idealına da sadiq qalır. O, eşqdə sabitqədəm olmağı, qarşılıqlı sevgi əsasında sevib-sevilməyi hər şeydən üstün tutur:

Eşqə düşüb, sevda atın çapanda,

Bir könülə bir könül də yapanda,

Gənclikdə özünə həmdəm tapanda

Dolansın boynuna qol cavanlıqda.

Bu dastan da Sərraf Qasımın əvvəlki dastanları kimi, tərcümeyi-hal xarakteri daşıyır. Sərraf Qasım 1967-ci ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib işləmək üçün Sabirabad rayonuna təyinat alır. Bir müddət işlədikdən sonra 1968-ci ilin yay aylarından birində onu öz işi üzrə işləmək üçün Dağıstana göndərirlər. O zaman Dağıstanın qoyun sürüləri qışlamaq üçün Muğan rayonlarına – Sabirabad, Saatlı, Səlyana aparılırdılar. Sərraf Qasım da bir müddət Muğanda qalır. Elə olur ki, o, Muğandan Dağıstana getməli olur. O zaman Dağıstan Respublikasının Məncilis rayonunun “Kommunizm” kolxozunun sədri Nəcməddin də Sabirabadda idi. Sərraf Qasımın Dağıstan səfəri dostu Nəcməddinin Volqa maşınında olur. Dastan bu sujet əsasında qurulub.

Dastanda Naxçıvan aşıqlarından Sərraf Qasımın yaxın dostu Aşıq Bayraməli də iştirak edir. Naxçıvan aşıqlarının bu dastana salınması mühitlərarası dastan yaradıcılığı əlaqələrinin qiymətləndirilməsi baxımından çox əhəmiyyətlidir.

Aşıq Bayraməli eşidir ki, dostu Sərraf Qasım Dağıstandadır. Odur ki, Naxçıvandan Sərraf Qasıma məktub yazır və bildirir ki, məni Dağıstanın Məncilis rayonunun “Kommunizm” kolxozuna dostum Əhmədin oğlu Səlimin toyunu aparmağa dəvət ediblər. Bu məktubdan Sərraf Qasım çox xoşhal olur və Aşıq Bayraməliyə teleqram vurub Məncilisdə görüşəcəklərini bildirir.

Dastandakı hadisələrin sonrakı süjeti Sabirabaddan Dağıstana gedən kolxoz sədri Nəcməddinin Volqa maşınında cərəyan edir. Sərraf Qasım Volqa maşınında Nəcməddinlə gəlib Dərbəndə çıxırlar. Sərraf Qasım Dərbənd qalasını görəndə gözləri yaşarır. Vətənin tarixi yadına düşür. Aldı görək Sərraf Qasım Dərbənd haqqında nə dedi:

Tarixlər şahidi, qocaman Dərbənd,

De, necə Rüstəmi-Zal yola saldın?

Muğdus da nəzərin çəkmədi səndən,

Onu da qorxuzub, lal yola saldın.

Dərbənd şəhri, sənsən bizə nümayən,

Şükür edib hər xörəyi yeməyən.

Qızıla, altuna altun deməyən,

Ağanı öldürdün, qul yola saldın.

Dostla dostsan, düşmənlə düşmən, Dərbənd,

Üstünə yeridi neçə min səmənd.

Qılınc əldə atdın onlara kəmənd,

Onları da kəsik qol yola saldın.

Yaxşı dostun yaxşı etdin toyunu,

Yaman dostun yaman verdin vayını.

Dərbənd, bədöy dostun bədöy dayını.

Belində bir ciriq çul yola saldın.

Qədim əsrlərin, qədim illərin,

Dərbənd, izi hanı o nəsillərin?

Sərraf Qasım deyər: bədəsillərin

Zəhmətin eylədin nol, yola saldın.

Dərbəndlə tanışlıqdan sonra kolxoz sədri Nəcməddin Sərraf Qasımı Volqa maşınında Məncilis rayonuna və onun yaylaqlıarına aparır. Maşın meşəli qayadakı şux bulağın başında dayanır. Elə bu vaxt bir ləzgi qızı at belində onlara yaxınlaşır. Dastanın bu hissəsi aşiqanə məzmunlu şeirlərlə verilmişdir. “Dedim” - “dedi” üsulu ilə növbələşən bu şeirlər Sərraf Qasımla ləzgi qızının tanışlığında sevgi dolu lirik duyumları üzə çıxarır.

Aldı Sərraf Qasım:

Ləzgi qızla tanış oldum,

Mən maşında, o, at üstə.

Əhvalını xəbər aldım,

Mən maşında, o, at üstə.

Dedim ay qız, yarın harda,

Dedi: təkəm buralarda.

Ürəyimə sevgi doldu,

Mən maşında, o, at üstə.

Dedim ay qız, ay kimisən,

Dedi: babsan, tay kimisən.

Az qaldım ki, pərvaz edəm,

Mən maşında, o, at üstə.

Dedim ay qız, gədik aşaq,

Dedi: əl ver, halallaşaq.

Əl uzatdım ağ əlinə,

Mən maşında, o, at üstə.

Dedim ay qız, yaralısan,

Dedi: oğlan, haralısan?

Nişan verdim öz yerimi,

Mən maşında, o, at üstə.

Şeirin sonunda həm Sərraf Qasım, həm də ləzgi qızı bir-birinə haralı olduqlarını bildirirlər:

Ay qız, mən naxçıvanlıyam,

Oğlan, mən dağıstanlıyam.

Sərraf Qasımam söylədim,

Mən maşında, o, at üstə.

Bu təsvirdən sonra Volqa maşını Gövhər yaylağına yola düşür. Yolda Sultan qəbri adlanan bir yerdə dayanır. Bu hissədə tarixi bir rəvayət verilir. Məlum olur ki, bu məzar Dərbənd qalasına ilk daş qoyanlardan biri memar Sultanın məzarıdır. Dastanın bu hissəsində Sərraf Qasımın memar Sultana şeirləri verilir:

Ey yolu üstündə yorğun sarvantək,

Gör necə intizar yatıb sultanım.

Deyilən hər sözü yalana yorma,

Məzarında şahmar yatıb sultanım.

Şair, qələm götür, yaz qəbirində,

Bax hicrana, dolsun göz qəbirində.

Əynində beş arşın bez qəbirində,

İllərdir ki, lal-kar yatıb sultanım.

Soruşdum, dedilər olmusan nəqqaş,

Dərbənd qalasına qoymusan ilk daş.

Məzar üstə fikirləşdim başa-baş,

Zənn etdim ki, memar yatıb sultanım.

Nə vaxt açılmısan, nə vaxt solmusan?

Neçə əsrlərdir fikrə dalmısan.

Rəvayətdir, aslanmisal olmusan,

Məzarında hünər yatıb sultanım.

Fələyin tədbiri, qərarı ilə,

Bu həyatda kim ağlaya, kim gülə.

Bu yol kənarında məzarda belə

Bir sərkərdə, sərdar yatıb sultanım.

Bundan sonra Sərraf Qasım Volqa maşınında gəlib Gövhər yaylağına çatır. Dağ havası, təbiətin füsunkar mənzərələri Sərraf Qasımın təbini coşdurur. O, Sallı bulağın başında Gövhər yaylağını belə tərif edir:

Dağıstanın yaylaqları

Mərd oylağı, mərd yeridir.

Sərin sulu bulaqları

Mərd oylağı, mərd yeridir.

Marallıdır uca dağlar,

Bax başında taca, dağlar.

Vüqarlıdır qoca dağlar,

Mərd oylağı, mərd yeridir.

Bulaq başında Dağıstan qızı Gülşən Sərraf Qasıma və yaylağa gələnlərə süfrə açıb qonaqlıq verir. Gülşənin səliqə-səhmanına heyran qalan Sərraf Qasım bu qızın tərifini verir:

Mərd aşnasın mərd gördüm mən,

Bizə süfrə açdı Gülşən.

Bənövşəli, şehli çəmən,

Mərd oylağı, mərd yeridir.

Klassik dastanlarımızda olduğu kimi, Sərraf Qasım dastanın bu hissəsində el ağsaqqalı Hacı adlı bir çoban obrazı yaratmışdır. Çoban Hacı yaylağa gələn Sərraf Qasımı və Nəcməddini qonaq aparır. Çadırının yanında ocaq salıb onlara əmlik quzu ətindən kabab verir. Sərraf Qasım bu hissədə Çoban Hacının bu mərdliyinə bir şeir deyir. Şeirin dili çox sadə və xəlqi məzmundadır:

Bir obada qonaq olduq,

Kəsdi bizə quzu çoban.

Dadlı əmlik kababına

Səpdi narın duzu çoban.

Süfrəsində dincəldik biz,

Qaldıq bir gecə, bir gündüz.

Əhsən dedik ona yüz-yüz,

Oldu çox-çox razı çoban.

Sərraf Qasım, gəl aşkara,

Belə dostu axtar, ara.

Bax ləzgidə etibara,

Heç unutmur bizi çoban.

Dastanın bu hissəsinə sentimental bir motiv salınmışdır. Çoban Hacı Sərraf Qasımı yola salarkən gözləri dolur. Məlum olur ki, bu çobanın bu dağların qoynunda Gözəl adlı bir qızı uyuyur, məzarı da yaxındadır. Odur ki, Çoban Hacı Sərraf Qasıma deyir:

Başına döndüyüm ay ustad şair,

Gözələ yadigar söz de, sonra get.

Vaxtsız əcəl, zalım fələk cövründən

Mənim bu dərdimə yüz de, sonra get.

Bir nazənin məskən salıb bu dağda,

Gözəl canın fələk alıb bu dağda.

Məzarı da təkcə qalıb bu dağda,

Burda gördüyünü düz de, sonra get.

Çoban Hacı deyər: könlüm təzələ,

Nəzər sal axıra, həm də əzələ.

Qəbri üstə doğma qızım Gözələ

Cığalı bir qoşma yaz, de, sonra get.

Çobanın qəmi Sərraf Qasımı kövrəldir. O, bir dəstə adamla Gözəlin məzarı yerləşən təpənin üzərinə qalxır və yaylağı günahlandıran cığalı təcnisini deyir:

Axı vəfalıydın, vəfasız yaylaq,

Niyə öldürmüsən şahın Gözəli?

Aşiqsən hansı şahın?

İlqarın hansı şahın?

A dağlar, ulu dağlar,

Yerisən hansı şahin?

Ömür yollarında pərvaz edəndə,

Yendirmiş havadan, şahin Gözəli.

Zalım fələk, çox güc gördüm qolunda,

Vaxtsız əcəl kölgə saldı yolunda.

Aşıq deyər yolunda,

Çıxma, dayan yolunda.

Karvan gözlə vaxtını,

Gəldi-gedər yolunda.

Söylə görək qara tikan kolunda

Kim batırdı nurlu mahın Gözəli?

Sərraf Qasım, son mənzildə, son yerdə,

Neçə oğrun gözəl düşübdür dərdə.

Mən aşiqəm bu dərdə,

Necə dözüm bu dərdə.

Bir loğman axtarıram,

Əlac etsin bu dərdə.

İncikdir, qayıtmaz dünyaya bir də,

Bəlkə də tutubdur ahın Gözəli.

Bundan sonra Sərraf Qasım yaylaqdan ayrılıb Məncilis rayonuna dostu Nəcməddin gilə gəlir. Dastanın bu yerində süjet xətti dəyişir. Aşıq Bayraməli Naxçıvandan balabançı Misirxanla birlikdə Məncilis rayonuna “Kommunizm” kolxozuna gəlir və dostu Əhmədin oğlu Səlimin toyunu başlayır. Toyda Aşıq Bayraməlinin Məncilis camaatına salamı verilir:

Salam göndərdilər Nəqşi-cahandan,

Dağıstanda qədirbilən dostlara.

Ürək sözlərimi tamam söylərəm,

Məclisimdə deyib-gülən dostlara.

Gövhər satan, gövhərkanam, zərxaram,

Bu tavar sədəfli sazımla varam.

Həvəslə oxuram, çox minnətdaram,

Bax, mənim qarşıma gələn dostlara.

Aşıq Bayraməli dürlü söz deyər,

Bir hikmətin mənasını yüz deyər.

Hər nə desə, doğru deyər, düz deyər,

Dağıstanda könül alan dostlara.

Dastanda təklifçinin Məclisə gəlib Nəcməddini və Sərraf Qasımı toya dəvət etməsi və onların toya gəlmələri verilir. Sərraf Qasım toya gəlib görür ki, buxara papaqlı bir kişi toyda Aşıq Bayraməliyə mane olur və deyir ki, Naxçıvandan bura nəyə gəlmisən? Biz də sənin kimi aşığıq. Bunu eşidən Aşıq Bayraməli dağıstanlı aşığa hərbə-zorba ilə cavab verir:

Aldı Aşıq Bayraməli:

Naxçıvandan sizin yerə gəlmişəm,

Aşıq meydanında qızmış nərəm mən.

Sənə göstərərəm qartal savaşın,

Mehribanla dostam, sarla saram mən.

Aldı ləzgi aşığı:

Aşıq, Dağıstana sən xoş gəlmisən,

Sənin meydanında hazır varam mən.

Çox görmüşəm belə dava-dalaşı,

Əğyarla əğyaram, yarla yaram mən.

Aldı Aşıq Bayraməli:

Çətin qurtararsan sən bu cəngidən,

Sazın alıb, aşıqları dəng edən.

Nə istəsən soruş bu nəhəngidən,

Ələsgər nəvəsi, bürcü baram mən.

Deyişmə “Valeh və Zərniyar” dastanına söykənir. Hər iki aşıq bu dastana istinad edərək özlərinin aşıq sənətində üstünlüklərini bildirməyə çalışırlar.

Aldı ləzgi aşığı:

Üçtelli sazını əldən alaram,

Kəminə edərəm, səni talaram.

Gəl az hədyan eylə, bəndə salaram,

Bizim Dağıstanda Zərniyaram mən.

Aşıq Bayraməli:

Zərnigarı Qarabağa gətirən,

Öz yarını muradına yetirən.

Qırx aşığı tordan açıb ötürən

Valehin şagirdi Yadigaram mən.

Aldı ləzgi aşığı:

Vuruşmada mən Rüstəm-Zal kimi,

Öz qənimin yeyən piri-bal kimi.

Şiddətli qasırğa, boran, yel kimi,

Üzü dönmüş acı ruzigaram mən.

Aşıq Bayraməli:

Elmini oxudum gözün içindən,

Yaxşı məna tapdım yüzün içindən.

Arifəm, söz seçdim sözün içindən,

Sən baqqalsan, ancaq xiridaram mən.

Aldı ləzgi aşığı:

Bizim bu ellərdə məclis qurmağın,

Həvəs ilə saza mizrab vurmağın.

Ay aşıq, üz-üzə mənlə durmağın,

Təmənnasın səndən soruşuram mən.

Aşıq Bayraməli:

Dağıstanda, öz xalqının yanında,

İntizarın qalacaqdır canında.

Mən Bayraməliyəm, söz meydanında

İndi səni dardan asdıraram mən.

Aldı ləzgi aşığı:

Aşıq Məcid deyər: top üstə pərəm,

Əyilməz, vüqarlı, güclü sərvərəm.

İstərəm yağını meydana sərəm,

Bu ləzgi yurdunda bir sərdaram mən.

Toy əhli işə qarışıb Aşıq Məcidin bədxasiyyət və xain adam olduğunu bildirirlər. İşi belə görən Sərraf Qasım dostu Bayraməlinin sazını alıb ortaya çıxır və Aşıq Məcidlə deyişir:

Aldı Sərraf Qasım:

Agah olsun sənə, ay aşıq, bu gün

Tərlanı alacam sarın əlindən.

Mən cəlladam, sənsə dar ayağında,

Qurtara bilməzsən darın əlindən.

Aldı Aşıq Məcid:

Agah olsun sənə, ay Sərraf, bu gün

Od tutub yanarsan narın əlindən.

Doğram-doğram ciyərpara olarsan,

Zəhəri içərsən marın əlindən.

Aldı Sərraf Qasım:

İzin verim, Dağıstanı dolan də,

Əlli dəfə çapıl, yüz yol talan də.

Nə edərsən güclü şirə, pələngə,

Yaxan heç qurtarmaz zorun əlindən.

Aldı Aşıq Məcid:

Xata oldu, verdim sual mehmana,

Nahaqdan özümü mən saldım qana.

İnanmıram bir də düşəm sahmana,

Zara gəldim bəd güzarın əlindən.

Aldı Sərraf Qasım:

Bu meydanda ağlayarsan, gülərsən,

Bundan sonra qonaq qədrin bilərsən.

Sərraf Qasım deyər: təngə gələrsən,

Naxçıvan evladı nərin əlindən.

Aldı Aşıq Məcid:

Aşıq Məcid deyər: hələ sağam mən,

Baş-başa dayanmış uca dağam mən.

İstəyirsən bu saatda yağam mən,

Batasan dağlarda qarın əlindən.

Söz tam olcaq Sərraf Qasım deyir ki, Aşıq Məcid, gəl aranı soyutmayaq. Mən də qonağam, Aşıq Bayraməli də. Bizi burda tək hesab eləmə. Bu saat teleqram vuraram, bütün Azərbaycan aşıqları yığılıb Dağıstana gələr. Burada səndən başqa aşıq varsa, sən də onları topla, gəlsinlər, Azərbaycan aşıqları ilə deyişsinlər. O zaman zərbi-dəstimizi görərsiz. Allah ya sizə versin, ya da ki, bizə.

Aldı Sərraf Qasım:

Aşıq Məcid, bu döyüşdə, cəngidə,

Özün tez xəbər ver aslana gəlsin.

İstəyirəm bu gün gurlayıb yağam,

Ləzgi aşıqları leysana gəlsin.

Meydana çağırıram güclü pəhləvan,

Bülənd olsun yerə-göyə ah-aman.

Üstümə şığansın sözdən ox-kaman,

Sədəfli sazlar da dürdana gəlsin.

Məhəmmədhüseyn, Alı salınsın yada,

Xəstə Qasım, Qurban gedibdir bada.

Ələsgər dühalı Şəmşir dünyada,

Sinəsində sözü min xana gəlsin.

Deyişmədə Sərraf Qasım Aşıq Məcidi Azərbaycanın Aşıq Qədir, Aşıq Mais, Aşıq Həmid, Mikayıl Əzaflı, Aşıq Həsən, Aşıq Qulu, Aşıq Hidayət, Aşıq Vəli, Aşıq Əkbər, Aşıq Əmralı, Aşıq Kamandar, Aşıq Ədalət, Aşıq İmran və Daşqın kimi istedadlı aşıq-şairləri ilə hədələyir:

Məclis qursun Aşıq Qədir Maislə,

Həmid cəh-cəh vursun gözəl zil səslə.

Qoca Dağıstana min bir həvəslə

Daşqınla Mikayıl mərdana gəlsin.

Həsən kimi, Qulu kimi kabutar,

Hidayətlə Vəli, misali-əjdar.

Sizin yerdə varsa dahi sənətkar,

Əkbərlə, İmranla meydana gəlsin.

Odur sazın şahı, başında bir tac,

Ədalət saz çalsın, oxusun sirac.

Ləzgi aşığından almağa xərac,

Əmrahla Kamandar dövrana gəlsin.

Kəlbəcərli Pənah, bir də Qardaşxan,

Allahverdi, Qəmkeş, Şakirlə Qurban.

Aşıq Xosrov, Saleh, İsmayıl, Aslan

Sazını götürüb bu yana gəlsin.

Sərraf Qasım, söylə övladlarına,

Bildirsin Vətənin Yadigarına,

Yazsın Azərbaycan Aşıqlarına,

Şəninə dediyim dastana gəlsin.

Aşıq Məcid fikirləşir ki, Dağıstanda cəmi üç aşıq var. Aşıq Sultan, Ləzgi oğlu Seyfəli, bir də mən. Hər üçümüz də burda toydayıq. Əgər Azərbaycan aşıqları bura gəlsələr, iş çətin olar. Odur ki, Sərraf Qasıma deyir ki, biz üç nəfər o qədər Azərbaycan aşığına cavab verə bilmərik. Elə siz olun, biz olaq. Aşıq Məcid meydandan qaçır. Odur ki, Sərraf Qasım Aşıq Məcidə təklif edir ki, mən Dağıstanda gördüklərimi, sən də Aşıq Bayraməlinin toy məclisində gördüklərini divani üstündə deyək. Razılaşırlar, hər iki aşıq hərəsi üç divani söyləyirlər. Divanilər bitəndə Sərraf Qasım təklif edir ki, Aşıq Bayraməliynən Aşıq Məcid qıfılbənd söyləyib bir-birinin kamalını yoxlasınlar.

Aldı Aşıq Məcid:

Aşıq Bayraməli, cavab ver, görüm,

O, nədir ki, baxarı yox, gözü yox?

Seçmək olmaz bədənini, başını,

Əndamı yox, sifəti yox, üzü yox.

Aldı Aşıq Bayraməli:

Aşıq Məcid, dinlə, cavab verirəm,

O, kitabdır, baxarı yox, gözü yox.

Seçmək olmaz bədənini, başını,

Əndamı yox, sifəti yox, üzü yox.

Aldı Aşıq Məcid:

O nədir, tuş olsan, çıxarmaz səsin?

O canlıyla işi olmaz heç kəsin.

Eşitməzsən onun həm zümzüməsin,

Dili var, ağzı var, amma sözü yox.

Aldı Aşıq Bayraməli:

Kirpiyə tuş olsan, çıxarmaz səsin,

O canlıyla işi olmaz heç kəsin.

Eşitməzsən onun hər zümzüməsin,

Dili var, ağzı var, amma sözü yox.

Dastanın bu hissəsində deyişmə - qıfılbəndlərin sayı çoxdur. Aşıq Məcid barama, kəklik, qatır haqqında qıfılbənd bağlamalar deyir, Aşıq Bayramalı isə bunlara tutarlı cavablar verir. Deyişmələr bu cür yekunlaşır.

Aldı Aşıq Məcid:

Azuqəsi olmaz, nə də talanar,

Bəs nə öz bədənin əyib dolanar?

Aşıq Məcid, o nə yeyib dolanar?

Süfrəsi yox, çörəyi yox, düzü yox.

Aldı Aşıq Bayraməli:

Azuqəsi olmaz, nə də talanar,

İlan öz bədənin əyib dolanar.

Bayraməli, o, qum yeyib dolanar,

Süfrəsi yox, çörəyi yox, duzu yox.

Deyişmədə növbə Sərraf Qasıma çatır. Onlar Aşıq Məcidlə razılaşırlar ki, qıfılbənd üstündə deyişsinlər.

Aldı Sərraf Qasım:

Məndən salam olsun, ay Aşıq Məcid,

O hansı karvandı, sarvanı birdi?

O nədir taybatay qapısı qoşa,

Dağları ikidir, aranı birdi?

Aşıq Məcid nə qədər fikirləşirsə, suala cavab tapa bilmir. Belə olduqda Sərraf Qasım suala özü cavab verir.

Aldı Sərraf Qasım:

Ay aşıq, suala cavab verirəm,

Ölüm karvanının sarvanı birdi.

Ürəkdir taybatay qapısı qoşa,

Dağları ikidi, aranı birdi.

Sərraf Qasım yenə də Aşıq Məcidi imtahana çəkir və deyir:

Səndən soruşuram, nədir mətləbin?

Bəs harda axtaraq bunun səbəbin?

Batində, zahirdə hansı Hatifin

Dörd kitab içində Quranı birdir?

Aşıq Məcid suala belə cavab verir ki, həzrət Məhəmmədin Quranı var. Lakin Sərraf Qasım bu cavabla razılaşmır və deyir ki, mən səndən soruşuram ki, kimin dörd kitabı var, onun da biri Qurandır.

Yenə aldı Sərraf Qasım:

Mətləbimdir sirri “Qul Hüvallah”ın,

Ərşə, kürşə səbəb Vallah, Billahın.

Batində, zahirdə Hatif Allahın

Dörd kitab içində Quranı birdir.

Sərraf Qasım görür ki, dağıstan camaatı Aşıq Məcidə baxır, Məcid də pərt olub. Odur ki, onu başqa bir sualla imtahan edir:

O kimdir ki, kimin müşkül halında

Nə eyləyər harda, nə misalında?

De neçə hüccətin neçə yolunda

Həmişə pasiban duranı birdi?

Bu sual da cavabsız qalır. Bu bağlamanın cavabını da Sərraf Qasım özü deyir:

O, Xızırdır, hər kəs müşkül halında

Kömək eylər darda haqq misalında.

O, on dörd hüccətin o bir yolunda

Həmişə pasiban duranı birdi.

Sərraf Qasım əlavə bir neçə bağlama söyləsə də, Aşıq Məcid aça bilmir və məğlub olur. O, həm Aşıq Bayraməlidən, həm də Sərraf Qasımdan üzr istəyir. Hər ikisi Aşıq Məcidi bağışlayırlar, hər üçü dostlaşırlar.

Bu ruhlu bir neçə şeirlə dastan yekunlaşır, Sərraf Qasım işlədiyi Sabirabad rayonuna, Aşıq Bayraməli ilə balabançı Misirxan da Naxçıvana qayıdırlar.

* * *

Mənbə:

“XVII-XX əsrlər və ÇAĞDAŞ NAXÇIVAN AŞIQLARI” kitabı, 2-ci cild, Əsgər Qədimov, Naxçıvan, "Əcəmi", 2017, 464 səh. Kitaba bax...>>