1809: Heydərbaba-Şəhriyar

HEYDƏRBABA-ŞƏHRİYAR

(QARABAĞ DƏRDİ)

Sərraf Qasım, şair Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından təsirlənərək, sanki ustad Şəhriyarla dərdləşirmiş kimi Dağlıq Qarabağın ermənilər tərəfindən kədərli işğalı barədə “Heydərbaba” dağına xitabən bu əsərini qələmə almışdır.

Heydərbaba, Vətən köksü yara bax,

İşğal oldu, ətraf ilə Qarabağ,

Vətən xaininə, satqınlara bax,

Satdı Vətənini pula, altuna,

Var eyləyib, onu yığdı altına.

Heydərbaba, həyatları çox gərgin,

Sakinlər öz yurdlarında didərgin,

Vətənində qaçqın, yurdunda sürgün,

Olanların da ərşə qalxır amanı,

Görməyənlər görür belə zamanı.

Heydərbaba, Qarabağda qara bax,

Ləkə salmış ağ salxıma, qara bax,

Yurdumuzda düşmənə bax, dara bax,

Millətimin özəkləri asılır,

Vətənimin bəzəkləri asılır.

Heydərbaba, torpaq olundu işğal,

Bölgələr verildi tez-tez, dalbadal,

Vətən xainləri dayandılar lal,

Lalları bir danışdıran olmadı,

Ondaca onları vuran olmadi.

Heydərbaba, milləti apardılar,

Nişan alıb, dizlərindən vurdular,

Girovları məşəqqətlə qırdılar,

Qırılanı selovlara atdılar,

Kürədilər, zir-zibilə qatdılar.

Heydərbaba, Qarabağın nidası,

Cahanı tutubdur onun sədası,

Çox olubdur, onun qurban, qadası,

Soruşulmur qanlar niyə tökülüb,

Qədim abidələr niyə sökülüb.

Heydərbaba, şirin ana Vətəndir,

Ən müqəddəs Kəbə, Mina Vətəndir.

Yurdda getsən hansı yana - Vətəndir,

Getmək olmur bölgələrə, neyləyək,

Düşmən qara kölgələrə neyləyək.

Heydərbaba, müqəddəsdir, müqəddəs,

Vətən sevgilimdir, deyilmir əbəs,

Əgər satılırsa torpağımız bəs,

Sonra deyəcəklər adımıza nə?

Onda düşəcəkdir yadımıza nə?

Heydərbaba, çəkilmir ta el adı,

Yollarında minilmir ta el atı,

Yurda köçmür tərəkəmə elatı,

Elatsız ağlayır yollar, irizlər,

Yaylaqlar, gədiklər, yallar, irizlər.

Heydərbaba, divan olundu yurda,

Görünməyib bu müsibət heç harda,

Verdilər satqınlar quzunu qurda,

Örüşlər qurd-quşdan təmizlənmədi,

Vətəndən xainlər tam üzlənmədi.

Heydərbaba, Qarabağdan ad qalır,

Duyanların damağında dad qalır,

Dolub Şuşamıza yağı, yad qalır,

Düşmənin üstünə əsən olmadı,

Onların başını kəsən olmadı.

Heydərbaba, Ağdamın axşamları,

Yandırılmır gecə o ağ şamları,

Əridir çəkilən bu dağ şamları,

Tab eyləmək olmur, dözülmür buna,

Düşmən qüvvətlənir, üzülmür buna.

Heydərbaba, düşür yadıma Laçın,

Qəlbimdə dönmüşdür oduma Laçın,

Bir şan-şöhrət idi adıma Laçın,

Bəs hanı, qıy vurmur tülək tərlanı,

Qaçqın olub bəlkə, bilək, Tərlanı.

Heydərbaba, onun Minkəndi hanı,

Onun min bərəsi, min bəndi hanı,

Onun mərdlərinin min fəndi hanı,

Düşmənə о fəndin bircəsi bəsdir,

Atılan tək bircə gülləsi bəsdir.

Heydərbaba, Sarı Aşıq tək qalıb,

El obaya о yaraşıq tək qalıb,

Yaxşısıyla, məzar aşıq tək qalıb,

Məzarında ona kömək lazımdır,

Bu dərdi dünyaya demək lazımdır.

Heydərbaba, yurdda bizi şeh vurmur,

Dəlidağdan Qarabağa meh vurmur,

Kəlbəcərdə Fatma nənə zeh vurmur,

Xalısı da yarımçıqdır, toxunmur,

Aşıqsızdır, dastanları oxunmur.

Heydərbaba, Dəlidağda, Murovda,

Düşmən də ovdadır, satqın da ovda,

Zillət çəkir əsir düşən girov da,

Girov da, Vətən də alınmalıdır,

Vuruşmalı, zəfər çalınmalıdır.

Heydərbaba, bu gün verir imtahan,

Xankəndi, Xocalı, Şux, Kərkicahan,

Bu nahaq işləri qeydinə alan,

Yalan deyənlərin dili kəsilsin,

Xainlərə qənim, eli kəsilsin.

Heydərbaba, neçə-neçə qol bağlı,

Füzulidən Cəbrayıla yol bağlı,

Bir təhər çək, sağ bağlıdı, sol bağlı,

Bir gedən yox, bir gələn yox ellərə,

İndi yəqin xar qonubdur güllərə.

Heydərbaba, namus, qeyrət güdülmür,

Zəngilandan Qubadlıya gedilmir,

Düşmənlərə niyə həmlə edilmir,

Xalq oyanıb qalxmalıdır, qalxmalı,

Xainlərdən alınmalı xalq malı.

Heydərbaba, su içmədik doyunca,

Yol bağlandı Xan Arazın boyunca,

Xudafərinə biz ayaq qoyunca,

Vətən xainləri oranı satdı,

Horadizdən yolu düşmənlər tutdu.

Heydərbaba, əsir olub Bərgüşad,

Haray çəkib, salır Həkəri fəryad,

Elindən, günündən istəyir imdad,

Gəlin çayları da darda qoymayaq,

Qarış torpağı da sarda qoymayaq.

Heydərbaba, Muhmudluda, Çulluda,

Yurdu satan hanı, gəlsin pullu da,

Nəbi, Həcər, Aynalıyla Mollu da,

Düşmənə zərbəni qoşa vururlar.

Vətən səngərində qoşa dururlar.

Heydərbaba, nələr oldu elində,

Xanlıq, Sarıyataq düşmən əlində,

Girovdu ana da, qız da, gəlin də,

Salan salıb bu milləti bu kökə.

Necə tab gətirsin millət bu yükə.

Heydərbaba, zaman qəfil dəyişdi,

Getdikcə böyüdü, hadisə şişdi,

Yeddi il düşmənlə məğrur döyüşdü,

Sınmadı Naxçıvan, Tərtər, Beyləqan,

Ad verin, adlansın bunlar qəhrəman.

Heydərbaba, ey pir baba, ey dədə,

Tovuzda, Şəmkirdə, Gədəbəydə də,

Goranboyda, Qazaxda bu qaydada,

Düşmənlərə ağır zərbə vuruldu,

Məhv edildi, cəbhələri yarıldı.

Heydərbaba, yoxdur bunun hələsi,

Yeri, göyü tutub yurdun naləsi,

Qarabağım olub düşmən köləsi,

Görən bunun igidləri hardadı,

Bilmirlərmi ana Vətən dardadı.

Heydərbaba, zəmanənin qarası,

Qəlbləri göynədir Vətən yarası,

Dərdi tutmur, yerin, göyün arası,

Bu dərdləri tutan ürəklərdi, bil,

Ana Vətəninə gərəklərdi, bil.

Heydərbaba, sözüm vardır deməyə,

Əsalı gələcək Musa köməyə,

Haqdan gəlib dolu kasa köməyə,

Rəhman, Rəhim bizə yar olacaqdır,

Düşmənimiz zəlil, xar olacaqdır.

Heydərbaba, batıb Аrazda xalqım,

Milyondan çox donur ayazda xalqım,

Əl tutur dərgaha namazda xalqım,

Rəbbi bu milləti eşidəcəkdir,

Darda qoymayacaq, rəhm edəcəkdir.

Heydərbaba, göz yaşları çay oldu,

Hələ sülh yox, yetmiş iki ay oldu,

Vətənimiz Fələstinə tay oldu,

Xainlərin, satqınların əliylə,

Xalqa gor qazıldı nankor beliylə.

Heydərbaba, yox düşməni qandıran,

Yurdları talayan, onu yandıran,

Sınmalıdır ellərimi sındıran,

Həmin о vaxt gələcəkdir, bilirəm.

Düşmənimiz öləcəkdir, bilirəm.

Heydərbaba, sanki Vətən başından,

Haqq xəbər göndərib Hüma quşundan,

Səmalar ucalır yurdun qaşından,

Elə bil ki qələbədən hay gəlir.

Birləşibdir, neçə selli çay gəlir.

Heydərbaba, qəlbimizi dağladan,

İşğal edib, yolumuzu bağladan,

Ana Vətən, torpaq, səni ağladan,

Ağlayacaq bir gün, onu bil, Vətən,

Azadlıqdır zülmün sonu, bil, Vətən.

Heydərbaba, inam gücü, sel gücü,

El bir ola, dağ oynada el gücü,

Arxalaşa, arxa ola bel gücü,

Millətinə - millət, xalq cəm bağlana,

Ellərinə - ellər möhkəm bağlana.

Heydərbaba, sən çəkirsən el dərdi,

Dərya balıq dərdi, çaylar sel dərdi,

Xar qonandan bülbül çəkir gül dərdi,

Elliklə о хаrı yurddan qovaq biz,

Düşmənin о donuz burnun ovaq biz.

Heydərbaba, günəş kimi saçaq biz,

Cəbhədə, meydanda olaq qoçaq biz,

Düşmənin bağrına vuraq bıçaq biz,

Xainin başını, kökünü kəsək,

Olaq tufan, olaq qasırğa əsək.

Heydərbaba, qanad verən sənsən, sən,

Millətinə murad verən sənsən, sən,

Misri qılınc, Qırat verən sənsən, sən,

Ver Qıratı, minək meydan açaq biz,

Düşmən qabağından nə də qaçaq biz.

Heydərbaba, deyiriksə baş cahan,

Ah-vaylara tökmür axı yaş cahan,

Yaranıb xilqətcə qəlbi daş cahan,

Hayıf-hayıf, ədalətsiz çağlayır,

Haqsızlığa, zülmə ilqar bağlayır.

Heydərbaba, ahım çoxdur sinəmdə,

Lövbər salıb, düşmən qalıb binəmdə,

Əsir düşüb anam, bacım, nənəm də,

Sərraf Qasım, namus gedib, sən də get,

“Ya Əli” de, “Zülfüqar”ı əldə get.