1808: Bir xoşqədəmin tarixi

.

SƏRRAF QASIM

IX - 1941-ci il

BİR XOŞQƏDƏMİN TARİXİ

HEYDƏR MÜƏLLİM ƏLİRZA OĞLU ƏLİYEV

HAQQINDA XATİRAT

Görkəmli şair və yazıçı Rüstəmli Sərraf Qasım, apardığı araşdırmalar, el ağsaqqalları və ziyalıları ilə etdiyi söhbətlər, o cümlədən Şahbuz rayonu Yuxarı Qışlaq kənd sakini Müşfiq müəllim Məmmədovdan aldığı məlumatlara əsaslanaraq, Naxçıvan Pedaqoji Texnikumunun məzunu olan Heydər Əlirza oğlu Əliyevin gənc yaşlarında gördüyü xeyirxah işlər və əməllər, xüsusilə də 1941-ci ildə onun Yuxarı Qışlaq kəndində müəllim işləməsi haqqında şirin xatirələrlə dolu yeni faktlar aşkar edib qələmə almışdır.

Böyük vətən müharibəsinin şiddətli dövrü idi. Müharibə davam edirdi. Sovet İttifaqının bütün ərazilərindən əhali kütləvi surətdə müharibəyə göndərilirdi. Əhalinin kütləvi surətdə müharibəyə göndərilməsi, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində də davam edirdi.

Kənd cavanlarının əksəriyyəti müharibəyə göndərilmiş, kənddə bir nəfər də olsun cavan oğlan qalmamışdır. Hətta məktəbin müəllimləri və kəndin yaşlı adamları da müharibəyə göndərilmişdi. Yuxarı Qışlaq kəndi boşalmış, sanki insansız qalmışdı.

Cəbhəyə belə insan yığımı hər yanda olduğu kimi, Yuxarı Qışlaqda da yerdə qalan adamları həddindən artıq sarsıtmış, əzab və məşəqqət içində qoymuşdu.

Sarsılan insanlar belə bir çətin vaxtda onlara arxa, dayaq ola bilən müdrik bir insana möhtac olduqlarını duymuş və belə bir insanın gərək olduğunu Allahdan arzu etmişlər.

Yuxarı Qışlaq camaatı sanki bu fikirlə yaşayırmış kimi kəndə xəbər yayıldı ki, məktəbimizə bir cavan müəllim göndəriblər, adı da Heydər.

Heydər müəllim cavan, sarışın, hündür boylu, enli kürək, mavi gözlü, müdrik kəlamlı, təvazökar, mədəni, əxlaqi cəhətcə ləyaqətli, bütün insani keyfiyyətləri özündə cəm eyləyən, İlahi dərk-duyğusu, biliyi, səmimiyyəti, mehribanlığı və tamamilə insani biçimləri öz yerində olan ləyaqətli bir gənc olduğunu qısa vaxtda biruzə vermişdi.

Kənd camaatı az müddət ərzində Heydər müəllimin nəfəsindən nəfəs alaraq, sanki ağır müharibə dərdlərini unutmuşdu, məktəbdə isə bir dirçəliş, canlanma nəzərə çarpmaqda idi.

Heydər Əlirza oğlu Əliyevin Şahbuz rayonunun Yuxarı Qışlaq kəndinə müəllim göndərilməsi, onun, ömrünün bahar çağında ilk dəfə həyata, işə qədəm qoyması idi.

Bu xoşqədəm, o qədəmlərin başlanğıcı oldu ki, Heydər Əlirza oğlu Əliyev cahan şöhrətli, ölməz, dahi və müstəqil, yeni Azərbaycan Respublikasının banisi oldu.

Heydər müəllimin gəlişi xəbərini eşidən kolxoz sədri Rüstəm Hüseynov məktəbə gedərək, şagirdlərə və kənd camaatına gözaydınlığı vermiş və demişdir:

- Bu da bizim arzu etdiyimiz, bu dar gündə, müharibənin bu vaxtında bizə elmi, biliyi və bacarığı ilə mənəvi dayaq olan və övladlarımıza gələcək yol göstərən Heydər müəllim!

Kolxoz sədri (Rüstəm dayı) Heydər müəllimə Səlya nənənin evində qalmasını məsləhət gördü.

Bununla da Heydər müəllim məktəbdə dərs deməyə başladı. O, qısa müddətdə müəllimlərin, şagirdlərin, valideynlərin və kənd camaatının dərin hörmət və ehtiramını qazandı.

Təmənnasız yardım etmək, kömək göstərmək, dilək tutmaq və s… Heydər müəllimin İlahi keyfiyyətlərindən idi.

Məhz buna görə də o, Rüstəm dayını vaxtaşırı çağıraraq və ya onun yanına gedərək deyərdi:

- Biz müharibə şəraitindəyik. Siz imkan daxilində məktəbə, müəllimlərə, şagirdlərə və kənd camaatına köməklik etməlisiniz. Bununla da siz bu dar gündə arxa cəbhəni möhkəmləndirmiş, xalqa ruh və qol-qanad vermiş olarsınız. Gənc Heydərin ağıllı və müdrik məsləhətləri Rüstəm dayının və kənd camaatının ürəyincə idi.

Rüstəm dayı imkan daxilində gənc müəllimin işləməsi üçün də lazım olan şəraiti yaratmışdı.

Heydər müəllim valideynlərlə məktəbin əlaqəsini möhkəmləndirmiş, şagirdlərin dərsə davamiyyətini xeyli artırmış, şagirdlərə elmə yiyələnmək, vətənə və xalqa gərək savadlı vətəndaş olmaq ruhunu aşılamışdı.

Gənc Heydər müəllim, məktəbdə işləməklə yanaşı, səyləri, çalışqanlığı və mehribanlığı ilə kənd camaatının oğlu və qardaşı olmuşdu. Kənd adamları hər hansı bir iş üçün gənc müəllimlə məsləhətləşər, onun dəyərli və müdrik tövsiyələrinə əməl edərdilər. İşin bu səhmanlı vaxtında, məktəb açılandan təxminən üç ay keçmiş, bir gün xəbər yayıldı ki, Heydər müəllim başqa bir işə təyin olunub.

Bu xəbər hamıdan artıq Rüstəm dayı üçün çox ağır idi. Ona görə ağır idi ki, Heydər gənc olsa da onun mənalı sözləri, dərin və dəyərli məsləhətləri var idi. O, hər cəhətdən məktəb və təsərrüfat işlərinə təkan verirdi.

Rüstəm dayı belə bir insandan ayrılmaq istəmirdi. Aradan bir neçə gün keçmişdi. Rüstəm dayı bir gün dərin fikir içində öz həyətində qonşu adamlarının yanında Allah dərgahına əl açaraq, Heydər müəllimin kəndə yenidən gəlməsini diləmişdi.

Rüstəm dayı diləyini qurtarıb ətrafına çevriləndə Heydər müəllimi milis paltarında öz yanında gördü.

Bu ki böyük bir möcüzədir, Allah sənə şükür deyib, Heydər müəllimi bağrına sıxdı.

Bu hadisəyə Yuxarı Qışlaq camaatı şahid olmuşdur. Onlar səmimi görüşdülər. Gənc milis buyurdu:

- Rüstəm dayı mən hər zaman sizinləyəm!

Rüstəm dayı Heydərin bu gəlişinə qurban kəsdi və camaata buyurdu:

- Allah Heydəri yenidən bizə verib!

QIŞLAQDA HEYDƏRƏ QURBAN KƏSİLDİ

Gənckən bəyan oldu müqəddəsliyi,

Qışlaqda Heydərə qurban kəsildi.

İyrmi yaşlı Heydər işlə, əməllə,

Bilindi xilqətcə halal nəsildi.

Gənckən bəyan oldu müqəddəsliyi,

Qışlaqda Heydərə qurban kəsildi.

Zülmətlərə nurun saçan ay kimi,

Bəhrə-barın xalqla bölən pay kimi,

Heydər sanki payız, qış, yaz, yay kimi,

Bir-birinə yerin verən fəsildi.

Gənckən bəyan oldu müqəddəsliyi,

Qışlaqda Heydərə qurban kəsildi.

Qışlaqlılar qəlbə hördülər onu,

İlahi zamına verdilər onu,

Peyğəmbər xislətli gördülər onu,

Əvəzsizdi, dahilikdə əsildi.

Gənckən bəyan oldu müqəddəsliyi,

Qışlaqda Heydərə qurban kəsildi.

Sərraf Qasım deyər, car çək ay dillər,

Başdan-başa bilsin cahanda ellər,

Bu dünyada Heydər yaşayan illər,

Tarixdi hər biri, müqəddəs ildi.

Gənckən bəyan oldu müqəddəsliyi,

Qışlaqda Heydərə qurban kəsildi.

* * * * * *

Bu şadlıq mərasimindən sonra Heydər Rüstəm dayıya bildirdi ki, at təşkil eylə məxfi iş üçün birlikdə Zorbulaq istiqamətində dağlara qalxacağıq.

HEYDƏR ÇAĞLAYACAQ ZORBULAQ KİMİ

Nə qədər Qışlaq var, qışlaqlılar var,

Heydər çağlayacaq Zorbulaq kimi.

O dağlarda dağlar səyyahı Heydər,

Yaşar zümzüməli Nurbulaq kimi.

Nə qədər Qışlaq var, qışlaqlılar var,

Heydər çağlayacaq Zorbulaq kimi.

Heydər sevdi bu obanı, bu yurdu,

Dedi: “İzim qalsın”, - bizə buyurdu,

Heydər könlümüzdə daim büllurdu,

Şəffafdan şəffafdı, Qarbulaq kimi.

Nə qədər Qışlaq var, qışlaqlılar var,

Heydər çağlayacaq Zorbulaq kimi.

Heydər göyümüzdə şimşək tək oynar,

Aramla yağdırar, çox yüksək oynar,

Sərraf Qasım, daim qəlblərdə qaynar,

Ülvü, məhəbbətli Yarbulaq kimi.

Nə qədər Qışlaq var, qışlaqlılar var,

Heydər çağlayacaq Zorbulaq kimi.

HEYDƏR, EYLƏYƏCƏK QARLI DAĞ SƏNİ

Səni də özü tək, bu ulu dağlar,

Heydər, eyləyəcək qarlı dağ səni.

Ana tək mehriban, təbiət burda,

“Ağqaya” tək bəzəyəcək ağ səni.

Səni də özü tək, bu ulu dağlar,

Heydər, eyləyəcək qarlı dağ səni.

Bir yan “Kurqan”, bir yan “Pir daşı”n başı,

“Təkəlik” zirvəsi, “Çınqıllı” qaşı,

İz yaşını eylər, dağların yaşı,

Ölməz eylər ölməz, bu növraq səni.

Səni də özü tək, bu ulu dağlar,

Heydər, eyləyəcək qarlı dağ səni.

Sərraf Qasım deyər, ruhunda əsən,

Bu yerlərin minvalıyla necəsən?

Qoymayacaq bu dünyadan köçəsən,

Zaman-zaman yaşadacaq sağ səni.

Səni də özü tək, bu ulu dağlar,

Heydər, eyləyəcək qarlı dağ səni.

* * * * * *

Heydərin Yuxarı Qışlaq kəndində müəllim işləməsi, Aşağı Qışlaq adamlarının xatirəsində də dərin izlər buraxmışdır. O vaxt Yuxarı Qışlağın yolu Aşağı Qışlaqdan bizim həyətin astanasından keçirmiş. Həmin vaxt gənc Heydər yolunun çoxunu bu iki kənd arasında piyada salırmış və kənd camaatı ilə yaxın münasibətdə olurmuş. Atam Əyyub kişi də Heydərlə bu yol üstə tanış olmuş, ona səmimiyyət göstərərək, bir Allah yolçusu və qonağı kimi ona süfrə açmışdır.

HEYDƏR, SƏN İÇDİYİN BULAQLAR QALIR

Xatirən yaşayır, Qışlaq kəndində,

Heydər, sən içdiyin bulaqlar qalır.

Müəllim işlədiyin bu dağ kəndində,

Seyr edib gəzdiyin o dağlar qalır.

Xatirən yaşayır Qışlaq kəndində,

Heydər, sən içdiyin bulaqlar qalır.

Qışlaqdı, Şahbuzun yeganə kəndi,

Kəslər burda, Heydərdən dərs öyrəndi.

Heydərsiz ötüşmür şerimin bəndi,

Söyləyir qəlblərdə, iftixar qalır.

Xatirən yaşayır Qışlaq kəndində,

Heydər sən içdiyin bulaqlar qalır.

Heydər xatiratın, sən necə unut,

Sevdasını gündüz, nə gecə unut,

Yaz o gəldi-getdi, o göydə bulut,

O dağlar başında dumanlar qalır.

Xatirən yaşayır Qışlaq kəndində,

Heydər sən içdiyin bulaqlar qalır.

Qışlaq ata, ana, doğma kəndimdi,

Bura mənim öz bərəmdi, bəndimdi,

El yaddaşı yaddaşımdı, zənnimdi,

Deyən, Heydər rədli addımlar qalır.

Xatirən yaşayır Qışlaq kəndində,

Heydər sən içdiyin bulaqlar qalır.

Allah səni etdi ərməğan bizə,

Hikmət verdi səndə kəlama, sözə,

Heydər elm öyrətdin sən cümləmizə,

Gəldin-getdin nə vardısa var qalır.

Xatirən yaşayır Qışlaq kəndində,

Heydər sən içdiyin bulaqlar qalır.

Sevgin qalır atamdakı ürəkdə,

Səsin qalır süfrəmizdə çörəkdə,

Heydər dostu olanlarda diləkdə,

Gələcək şirin kam, arzular qalır,

Xatirən yaşayır Qışlaq kəndində,

Heydər sən içdiyin bulaqlar qalır.

Sərraf Qasım, doğar, batar gün gündə,

De bizimlə o Heydərsən sən gündə,

Müəllimsən sən, qışlaqlılar qəlbində,

Yaddaşlarda dərsin yadigar qalır.

Xatirən yaşayır Qışlaq kəndində,

Heydər sən içdiyin bulaqlar qalır.

* * * * * *

Nə qədər ki həyat var, qışlaqlıların canında can var, ölməz Heydər Əlirza oğlu Əliyev də gənc müəllim kimi o qədər ürəklərdə, yaddaşlarda və xatirələrdə yaşayacaqdır.

Rüstəm dayı Müşfiq müəllimin babası, mənim isə yaxın qohumumdur.

“Bir xoşqədəmin tarixi”ni qələmə almağı özümə şərəf və borc bildim. Hələlik…

Xatiratı yazdı: Rüstəmli Sərraf Qasım Əyyub oğlu.

Nax.M.R.Şahbuz rayonu Aşağı Qışlaq kəndi.

21.01.2004-cü il.

Bu əsər, ilk dəfə Sərraf Qasımın 2005-ci ildə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin xüsusi icazəsi əsasında çap olunmuş GƏRƏKDİ HEYDƏRLİ, İLHAMLI SÖZLƏR adlı şeirlər kitabında (səhifə 6-13 də) işıqlandırılmış və daha sonra mətbuat vasitəsilə (ilk dəfə “Səs” qəzeti ilə “Kaspi” qəzetinin aşağıda göstərilən buraxılışlarnda) ictimaiyyətə təqdim olunmuşdur.