1803: İBRƏTNAMƏ

İBRƏTNAMƏ

Dərin duyğunuzla, idrakınızla,

Ömrün sonundakı ibrətə baxın!

Ləhzə məcal verməz, o əcəl adlı,

Canları büdrədən büdrətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

İnamsız heç sözü gətirmə dilə,

Allah bizə buyrub dərk edək belə,

Əzizdi, şirindi, canlılar ilə

Ölüm arasında ülfətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

Köçərik, həm məndən, həm səndən sonra,

Əməlləri ellər biləndən sonra,

Xeyirxah, bədxah kəs öləndən sonra,

Söylənən rəhmətə, lənətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

Xəyallıyam nədən yazım, nə yazım,

Düşündükcə canım olur nasazım,

Allah sevmir, pislik etmək nə lazım,

İnsanlarda kinə, küdrətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

Uymayın dünyaya, bihuda şeyə,

Dərk edib batmayın, nə haram iyə,

Allah xətirinə, pak olsun deyə,

Ürəyinizdə saf niyyətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

Qərarlar sahibi “Sübhan” sanidi,

Qiyamətdə dirilib, daim yaşayanların

Qiyamət kanidi

Qəbrə görə bu dünya, qiyamətə görə

Qəbir fanidi

Haqq hökumətində hikmətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

Haqqa şərik qoşan şeytanı nəslər,

Bizi əcəl çağırar, hey ölüm səslər,

Allaha bəs niyə düşməndi kəslər?

İnsanlarda bu tərs fitrətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

Bez aparar özün tutan qumaşa,

Mənəmlik etməyin, olmayın haşa,

Həyat olsun qəflətsiz bir tamaşa,

Siz onda xilqətə itrətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

İnamsız hər qatı qəlb duman idi,

Vilayətə inam, çün inam idi,

Dərk eyləyən beyin, qəlb ruhanidi,

İlahi verdiyi qiymətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

Ölənlər qəbrində hara baxarlar?

Möminlər bərzəxdə nura baxarlar,

Kafirlər məzarda qara baxarlar,

Çalarlı, rəngarəng rehlətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

Ciftə, kilid vurun dişlərinizə,

Bu dünya yatmasın döşlərinizə,

O dünyamız üçün işlərinizə,

Hər an cəhənnəmə, cənnətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

İnsan gərək xeyir yazsın naməsin,

İnsan gərək kama versin kaməsin,

Insan gərək eylədiyin deməsin,

Qoyulan minnətə, möhnətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

Gərdişində dolan, Allaha inan,

Məzardı, məhşərdə əbədi binan,

Hər an, eyibləri örtəndə sin, an,

Ölümdəki gözəl ismətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

Var dağılıb gedər, toplanar gələr,

Hər gülən ağlayar, ağlayan gülər,

İnsan, “Əl-ins vəl-cin” doğulan ölər,

Allahdan bu sabit qismətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

Əgər ki, yumaya, əcəl paxırı,

İnan, be üzm olar insan naxırı,

Ölümsüz nə olar insan axırı?

Allaha şükr edin, ümmətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

Üstümüzdə o bir məbuddu duran,

İnam yerimizin əsası “Quran”,

Ölümə məhəbbət bəsləyin hər an,

Allah baxır, siz də urfata baxın!

Ömrün sonundakı ibrətə baxın!

Allah yaranmışda nə bir fərq bilər,

Cəmi yaratdığın dünyadan silər,

Böcək, milçək, yoxsul, alim, şah ölər,

Haqqa, ədalətə, mərifətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

İnsan olduğu çün, dünyaya heyran,

O, köçür dünyadan intizar, nayran,

Boş gedir, aparmır yığdığın insan,

Bihudə çəkilən zəhmətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

Səxavətə verərsənsə ixtiyar,

İbadət də onda olar sənə yar,

Allah rzasına sərf olmasa var,

Havayı cəfaya, töhmətə baxın,

Ömrün sonundakı ibrətə baxın!

Nura qərqdi, Allah şamı yerində,

Qəmi, kamı, hər bir tamı yerində,

Haqqın ramı, hər nizamı yerində,

İlahidə olan qüdrətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

Tutmaq olmaz, gələn əcəli dilə,

Xilqətdən qoyulub, bu təhər elə,

Allah qərarını veribdi belə,

Ölümdə hicrana, həsrətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

Xəlq olmuş “zi-həyat” ölüm ilməli,

Hər əşrəfi natiq, yaxşı bilməli,

Hər yaranan, hər doğulan ölməli,

Ölümdə fərəcə, nüsrətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

Bu dünyada qalar büsat, hər ada,

O dünyada, xeyir çatar imdada,

Axırda seçilməz nə şah, nə gəda,

Dəfinlərdə olan eynətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

Cənazə enəndə məzara baxan,

Mən də öləcəyəm, qəlbini yaxan,

Dəfində duyulan, tez yaddan çıxan,

İnsanlarda olan heyrətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

Nur suyuna baxın, Allah arxının,

Xoş gün üçün haqqa doğru barxının,

Tamam gərdişində, Allah çarxının,

Sükanında olan qüvvətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

Yeddi yer, yeddi göy, Allah əmirli,

Xəlq olan nə varsa, canlı, səmirli,

Bütün yaranmışlar, vaxtlı, ömürlü,

Əcəlli yaranan xilqətə baxın!

Ömrün sonundakı ibrətə baxın!

Sərraf Qasım, ölüm hakim, taxtı var,

Bu barədə hər kəsin bir bəxti var,

Hər kəsin də labüd əcəl vaxtı var,

Bu əbədi olan hicrətə baxın!

Ömrün sonundakı ibrətə baxın!