1802: OXU, XƏYALA DAL

OXU, XƏYALA DAL

Əziz oxuyucu! Küllü yaranmış insanlar öləcək. Sən isə Allah rızasına çalış ki, bu dünyanı yaşadığın müddətdə əməli işinlə bir cənnət mənbəyi, xeyirxahlıq və yaxşılıq mənbəyi edəsən, qoy səndən sonra səni, öz millətin və kimlərsə yaşatsın. Əgər bir bəhrə, irs və miras qoyub gedərsənsə, demək sən bu dünyada əbədi ölməz, daim ömürlü və rəhmətlik bir yaşar olacaqsan. İstər bu üzünə istərsə də o biri üzünə nə qədər çöndərsən də bu dünya və onun cah-cəlalı, onun aldadıcı büsatları heç kimin deyil. O, ancaq Allahın və qara torpağındır. Hər insan necə, nə cür və hansı tərəfə doğru yaşamağını dərindən dərk etməklə, ya əbədi ölməzliyi, ya da əbədi ölü olmağı seçməlidir.

Bu dünya nə sənin, nə də mənimdi,

Bu dünya, bu dünya heç kimindi bil.

Mən belə, sən elə deməkdəndirsə,

Əcəl körpüsündən, keç kimindi bil,

Bu dünya, bu dünya heç kimindi bil.

Dünya eşqi üçün, canlar yanmaqda,

Haram var yığmaqdan, yox usanmaq da,

Məqsəd bilinirmi? Pərvazlanmaqda,

Ucuş kim üçündü, uç kimindi bil,

Bu dünya, bu dünya heç kimindi bil.

Allah yaxşı bilir həzinələri,

Haqqın nurlu gözü görür nələri,

Xərclənməyən dolu xəzinələri,

Ha bağla sən, ha da, aç kimindi bil,

Bu dünya, bu dünya heç kimindi bil.

Heç zaman yatırma ayıq bir sözü,

Sev, oxu, haqq olan duyuq bir sözü,

Rəhmətə, nifrətə layiq bir sözü,

Ara, axtar, yaxşı seç kimindi bil,

Bu dünya, bu dünya heç kimindi bil.

Qəlbi ahlıları fəryada axtar,

Ləlibədəxşanı dəryada axtar,

Ədalət gözünü səryada axtar,

Qeyrət kimindi bil, suç kimindi bil,

Bu dünya, bu dünya heç kimindi bil.

Bu dünyada, səbirli ol, tələsmə,

Haqq qiymətli-qədirli ol, tələsmə,

Sağkən düşün, qəbirli ol, tələsmə,

Qacmaq kimə qald? Qaç kimindi bil,

Bu dünya, bu dünya heç kimindi bil.

Hər şey çiydi, dünyada yox ilinən,

Sirri xəfiyyatdı, azdı bilinən,

Dərk eylə, ölməmiş, adı silinən,

Daim ölməz ömür, puç kimidi bil,

Bu dünya, bu dünya heç kimindi bil.

Allah var! Başını şeytana əyən,

Möhtaca borc verib, ay sələm yeyən,

Özün ölməz sayıb, nə kəfən deyən,

Vaxt çatanda, kəfən biç, kimindi bil,

Bu dünya, bu dünya heç kimindi bil.

Dünya, qurban yeri “Mina”ya bənzər,

Dünya, insan doğan anaya bənzər,

Bu dünya, bir dolu binaya bənzər,

Düşün çöl kimindi, iç kimindi bil,

Bu dünya, bu dünya heç kimindi bil.

Bilirsən? Köhlənin, əylə nə üçün?

İnsan! Yaranmısan söylə nə üçün?

Saçırsan öz üçün, ya özgə üçün?

Saçmaq kim üçümdü? Saç kimindi bil,

Bu dünya, bu dünya heç kimindi bil.

Səcdəsində alnım, əllərim, dizim,

Allaha qovuşmuş, cəm əzam, özüm,

Məhəmməd, İbrahim, Davud da bizim,

Musa, İsa bizim, xaç kimindi bil,

Bu dünya, bu dünya heç kimindi bil.

Yoxsulları doyur, harınla olma,

Torpaq səni udar, “Qarun”la olma,

Allaha talib ol, qarınla olma,

Haqq olan üç kimdi, üç kimindi bil,

Bu dünya, bu dünya heç kimindi bil.

Fanidi hər insan, hər ömür badı,

O, kim olur-olsun, insandır adı,

Sərraf Qasım sənsən, onlardı, odu,

Tək məzara enən, köç kimindi bil,

Bu dünya, bu dünya heç kimindi bil.