1801: PAKLIQ (Nəsihət)

PAKLIQ (Nəsihət)

Bu şeiri dostum Hacıyev Pəhləvanın oğlu Hacıyev Hüseynə və onun timsalında bütün oğul və qızlarımıza ithaf edirəm. Kaş mən də belə olam, sən də belə olasan, bütün insanlar da belə ola Hüseyn! Necə?

Kam alasan tutub elə ətəkdən,

Paklıq, hikmət ola daməndə oğlum,

Allah hikmət verər, haqq kimsəsinə

Ana südün körpə əməndə oğlum,

Paklıq, hikmət ola daməndə oğlum.

Ol haqqın rübabı, kamanı olan,

Yaradandan hifzi, amanı olan,

Allaha inamı, imanı, olan

Kimsə düşməz bəndə, kəməndə oğlum,

Paklıq, hikmət ola daməndə oğlum.

Nə şeytan bulağın, nə gözən ola,

Şeytan ümmamnda nə üzən ola,

Nə vuran, nə yıxan, nə əzən ola,

Təkəbbür minməyə, səməndə oğlum,

Paklıq, hikmət ola daməndə oğlum.

Haqq desə kimsəyə sən arzuna çat,

Allah onu eylər süvari, icad,

Haqqa kim sığınıb, diləsə nicat,

Qəhri-qəza qəlbə damanda oğlum,

Paklıq, hikmət ola daməndə oğlum.

Biləsən, gül üstə Jalə nə deyir,

Biləsən, bülbülü gülə nə deyir,

Tellər titrədikcə nalə nə deyir,

Çalanda duyasan, kaman da oğlum,

Paklıq, hikmət ola daməndə oğlum.

Sevda, sevgi yerin, Allahın ola,

Ürəkdə, inamın, dönməyə sola,

İmana, imamın, Allahın dola,

Olasan həmişə, amanda, oğlum,

Paklıq, hikmət ola daməndə oğlum.

Qarasız yer varmı cahan ağında?

Çağ şamama varmı cahan tağında?

Belə kimsə varmı cahan dağında?

Yolunu azmaya dumanda oğlum,

Paklıq, hikmət ola daməndə oğlum.

Hamı bir sırada düzülən ola,

Yuvasına girən düz ilan ola,

Gərdişdə nə əzən, əzilən ola,

Bərabərlik ola zamanda oğlum,

Paklıq, hikmət ola daməndə oğlum.

Bəndədən umulan quş qanad çalmaz,

Bəndədən umulan səltənət olmaz,

Bəndədən umulan xəzinə dolmaz.

Allahdan umasan umanda oğlum,

Paklıq, hikmət ola daməndə oğlum.

Qurban kəsildi bil, “Mina”ya gələn,

Şad olmadı heç bu binaya gələn,

Atasız qəm yemə, dünyaya gələn,

Gedəsidi yaxşı-yaman da oğlum

Paklıq, hikmət ola daməndə oğlum.

Allah, avazına avaz tutdura,

Urəyini dərgahına atdıra,

Dərdi-sərin səni haqqa çatdıra,

Xəyal dəryasına cumanda oğlum,

Paklıq, hikmət ola daməndə oğlum.

Natiqi qurandan oxuyar ayə,

İlahi eyləyər onu himayə,

Ətri təravətə, hüsnü simayə,

Bülbül gül oxşayar çəməndə oğlum,

Paklıq, hikmət ola daməndə oğlum.

Allah xofu dolan ürəyin ola,

Allaha söykənən kürəyin ola,

Sidq ilə Allahdan diləyin ola,

Niyyət hasil ola gümanda oğlum,

Paklıq, hikmət ola daməndə oğlum.

Söz gərək söndürə, ya da yandıra,

Söz buz ola, ya da alovlandıra,

Sözün həqiqətdən, mətləb andıra,

Haqq avazlı ola sinəndə oğlum,

Paklıq, hikmət ola daməndə oğlum.

Allahdan kamını almayan ala,

Allahı dərk edib xəyala dala,

Allah qüdrətiylə olmayan ola,

Divanələr ola danəndə oğlum,

Paklıq, hikmət ola daməndə oğlum.

Haqq rizası onu eyləyə barlı,

Haqq önündə, ola xidməti karlı,

Aça pay verməyə əlini varlı,

Səxavət ovcunu yumanda oğlum,

Paklıq, hikmət ola daməndə oğlum.

Sərraf Qasım, ərş-qübbədən aş aya

Sidq eşq ilə ürəyini tut şaya,

Nübuvvət, Vilayət, Allah yaşaya

Qəlbində, əməldə, imanda oğlum,

Paklıq, hikmət ola daməndə oğlum.