1176: SON ZƏNG

Aşağı Qışlaq kənd orta məktəbinin 2003-cü il məzunlarna xitabən onların son zəng mərasimi üçün yazılmış şeir. Bütün orta məktəb məzunlarına ithaf edirəm.

SON ZƏNG

Bu son zəng, birinci həyatla vida,

İkinci həyata başlanan yoldur.

Gənclik eşqi ilə həvəsi ilə,

Bütün maneələr daşlanan yoldur.

Bu son zəng, birinci həyatla vida,

İkinci həyata başlanan yoldur.

Vətəninə sadiq bir and içməkdə,

Vətəni uğrunda candan keçməkdə,

Həyat yolu, sənət yolu seçməkdə,

Gənclik, qartal kimi qaşlanan yoldur,

Bu son zəng, birinci həyatla vida,

İkinci həyata başlanan yoldur.

Bu növrağa, təmtərağa şahid ol,

Gənclikdi bu qanad, qüvvətli bu qol,

Neçə ki insan var, boşalmaz bu yol,

Gedimli, gəlimli işlənən yoldur.

Bu son zəng, birinci həyatla vida,

İkinci həyata başlanan yoldur.

Sözlərimə tutan olmaz rəkini,

Yoxdur bunun yozumu, nə lakini,

Gənclik eşqi, sanki göylər sakini,

Ərşdə süzə-süzə quşlanan yoldur.

Bu son zəng, birinci həyatla vida,

İkinci həyata başlanan yoldur.

Gözləri cəzb edir, gözün nəzəri,

Qəlblərin, qəlblərdən olur xəbəri,

Gənclik sevgi yeri, həm vüsal yeri,

Qurulan həyatdır, xoşlanan yoldur.

Bu son zəng, birinci həyatla vida,

İkinci həyata başlanan yoldur.

Gənclər gərək içsin məsləhət dolu,

Tutmasınlar heç vaxt cəhalət yolu,

Atalar yoludur, nəsihət yolu,

Hər zaman deyilən, aşlanan yoldur.

Bu son zəng, birinci həyatla vida,

İkinci həyata başlanan yoldur.

Gərəkdir, çox gərək, oxlar yay atda,

Boyunuza biçik olsun xəyyatda,

Gənclər unutmasın, yollar həyatda,

Xeyirə, həm şərə tuşlanan yoldur.

Bu son zəng, birinci həyatla vida,

İkinci həyata başlanan yoldur.

Allah verən nemətlərə gözüm tox,

Gənclərə deməyə qəlbdə sözüm çox,

Etiqadsız, inamsıza sözüm yox,

Bu yol inanana beşlənən yoldur.

Bu son zəng, birinci həyatla vida,

İkinci həyata başlanan yoldur.

Sərraf Qasım yaşar bu səs-səmirlə,

Dərk etdiyi İlahi bir əmirlə,

Gənclik ötə-ötə mütləq ömürlə,

İnsanlar dolaraq, yaşlanan yoldur.

Bu son zəng, birinci həyatla vida,

İkinci həyata başlanan yoldur.