1174: SAZIN, ABDULLA

SAZIN, ABDULLA

Aramızdan vaxtsız köçən əziz dostum Aşıq Abdullanın xatirəsinə ithaf edirəm.

Aramızdan vaxtsız getdin, ay aşıq,

Qaldı ellərində sazın, Abdulla.

Bağınız verəndə təzə bar, aşıq,

Qara torpaq örtdü üzün, Abdulla.

Aramızdan vaxtsız getdin, Abdulla,

Qaldı ellərində sazın, Abdulla.

Sənsiz də qartalla qartal deyişir,

Dağ keçisi bir-birilə döyüşür.

Ötüb keçir, fəsillər də dəyişir,

Gedir qışın, gəlir yazın, Abdulla.

Aramızdan vaxtsız getdin, Abdulla,

Qaldı ellərində sazın, Abdulla.

Görmədin sən bu dünyanın vəfasın,

Sürmədin sən bu dünyanın səfasın.

Az yaşında çəkdin dünya cəfasın,

Yaxşı duydun çoxun, azın, Abdulla.

Aramızdan vaxtsız getdin, Abdulla,

Qaldı ellərində sazın, Abdulla.

Bu dünyada durdun sənət başında,

O dünyaya köçdün cavan yaşında,

Məhəbbətin hər qayanda, daşında,

Qaldı bulaqlarda gözün, Abdulla.

Aramızdan vaxtsız getdin, Abdulla,

Qaldı ellərində sazın, Abdulla.

Sərraf Qasım necə dözsün bu dərdə?

Ötməyən on bir tel, saz pərdə-pərdə

Bir vaxt ötüb bu dağlarda, bu yerdə,

İtməyəcək sənin izin, Abdulla.

Aramızdan vaxtsız getdin, Abdulla,

Qaldı ellərində sazın, Abdulla.