1173: BALA (Fəxr et)

BALA (Fəxr et)

Oğlum Əyyuba ithaf edirəm.

Dağ tək fəxr et qarınla, namusunla, arınla,

Yoldaşınla, yarınla tanın düz ilqarınla.

Qönçə kimi açıl, gül, hər çiçəyin, barınla,

Baharda gülşən bala, bənzə şana, şan bala.

Mərd ol, enmə atından, dönmə etiqatından,

Baş çıxar şahmatından, seç götür həyatından.

Yaxşıdan yaxşı dərs al, qaç iblislər zatından,

Nə olma şeytan bala, yatırt nahaq qan, bala.

Bəndəsi ol taleyin, etmə haqdan gileyin,

Bir Allaha baş əyin, olsun təmiz diləyin.

Halaldan qoy mayasın, halal duzun, çörəyin,

Sözlərimi an bala, haqq oduna yan, bala.

Ömür səni dəng edər, yorar səni döngələr,

Saçlarına dən gələr, gözlərinə çən gələr.

Yaxşı-yaxşı fikirləş, gərək olar, gün gələr,

İnsana insan, bala, can bala, ay can, bala.

Bəzərik dünyanı biz; şöhrəti biz, şanı biz,

Ürəyi biz, qanı biz, nəfəsi biz, canı biz.

Fani deyil bu dünya, əmanət biz, fani biz,

Sonsuzdur cahan bala, ömrə vardır son, bala.

Ol gözəl bir sənətkar, sənətdə ölməzlik var,

Qışdakı qarlı dağlar, baharda saxlamaz qar.

Tək ömürdən nə çıxar, ömrünə həmdəm axtar,

Kamil ol başdan bala, ömrü et daşdan, bala.

Sərraf Qasım qanana, sözün deyər anana,

Desən qəlbdən “can ana”, sənə candan yanana.

Xoş gələr bu Tanrıya, doğma atan, anana,

Olsan mehriban, bala, doğar ülkər, dan, bala.