1172: DİLƏ GƏL, DİLƏ

DİLƏ GƏL, DİLƏ

Aşiqsən əgər,

Dilə gəl, dilə.

Şeyda bülbülsən,

Gülə gəl, gülə.

Sevdalı qardaş,

Eşqlə gəz dolaş.

Uçan yaşılbaş,

Gölə gəl, gölə.

Heyran gözünə,

Durna düzünə.

Ceyran izinə,

Çölə gəl, çölə.

Dolmusan bara,

Dərdə et çara.

Gözləri qara,

Gilə gəl, gilə.

And yerin alsın,

Peymanən dolsun.

Eşq dəniz olsun,

Selə gəl, selə.

Ey sehirkarım,

Mərdimazarım.

Ay keçdi, yarım,

İlə gəl, ilə.

Sərrafa ol can,

Əziz, meriban.

Şana[1] gətir, şan,

Telə gəl, telə.

[1] Şana - Daraq