1167: GÖZƏL (Barından gözəl)

GÖZƏL (Barından gözəl)

Əlimdə Əli əli,

Köküm qollu, pöhrəli.

Bağlarım var bəhrəli;

Barı-barından gözəl,

Narı-narından gözəl.

Al-əlvandır gülüm də,

Nəğməkar bülbülüm də.

Gözəllər var elimdə;

Biri-birindən gözəl,

Arı-arından gözəl.

Var gündüzün axşamı,

Yurdumuzun ağ şamı.

Axşam yanar ağ şamı;

Şəri-şərindən gözəl,

Nuru-nurundan gözəl.

Qayam sıldırım sallı,

Şahin süzər xəyallı.

Gördüm qırğı, qartallı;

Yarı-yarından gözəl,

Şuru-şurundan gözəl.

O Sərraf Qasım - mənəm,

Sözlə doludur sinəm,

Hikmətlidir xəzinəm;

Dürü-düründən gözəl,

Zəri-zərindən gözəl.