1165: AXTARIRAM

AXTARIRAM

(Divani)

Həqiqətdən söz satıram,

Alanın axtarıram,

Bu doğru sözlərə sahib,

Olanın axtarıram.

Haqqı nahaqqa verməyən,

Eldə rəhmət qazanan,

Doğru kəlamlardan körpü

Salanın axtarıram.

Belə insan varsa göstər,

Fələk qəddin əyməyə.

Vaxtlı-vaxtsız əcəl bir gün,

Gəlib dərin[1] döyməyə.

Bilməyə heç matəm nədir,

Qəm libasın geyməyə,

Şad olub, gülüb oynayıb,

Çalanın axtarıram.

Gəl Sərraf Qasımı eşit,

Çox da dalma xəyala.

Kim qazana var-dövləti,

Kim bilir, kimin ola?

İçilməmiş düşsə yerə,

Əldən dolu piyalə,

Töküləndən sonra yerə,

Dolanın axtarıram.

[1] Dər – qapı