1162: AH ÇƏKƏR

AH ÇƏKƏR

İgid ölsə, qədd əyilər,

Can sağ olsa, bir dağ olsa,

Mərd oğulsa, el ah çəkər.

Qəzadan göy budaq üstə,

Bülbül ölsə, güllər solsa,

Xəzan olsa, çöl ah çəkər.

Bəyənməsə maya nərin,

Yaşılbaşlar pozsa pərin.

Unutsa öz üzən yerin,

Teldə şana, qonsa yana,

Uçsa sona, göl ah çəkər.

Olmaz çaylar qudurmasa,

Dolanıb, boynunu burmasa,

Ümmana axıb vurmasa,

Daşa-daşa, coşa-coşa,

Daşa-daşa sel ah çəkər.

Sərraf Qasım güman olsa,

İstə ondan aman olsa.

Birdən qatı duman olsa,

İtsə sarvan, azsa karvan,

Bil, mehriban yol ah çəkər.