1161: DAĞLAR (Ömür)

DAĞLAR (Ömür)

Ömür sazla, sözlə keçdi,

Mən zövq aldım, yola saldım.

Səndə doldum yaşa, dağlar.

Doğma, əziz, istəkli tək,

Oldun sirdaş, verdin qardaş,

Mənimlə baş-başa, dağlar.

Sədaqətə sən inancaq,

Eşqin artır, eşqə yancaq.

Sənsən, sənsən, sənsən ancaq,

Canana can, sevdada şan,

Gəldin hər an xoşa, dağlar.

Üz verməsin yara təklik,

Bülbülə xoşdur çiçəklik.

Yaraşıqdır gözəl kəklik,

Paqqıltısı, şaqqıltısı.

Qaqıltısı daşa, dağlar.

Aşiqanə gül bədəni,

Sevməsəm, solar gülşəni.

Uşaqlıqdan bükdü məni,

Yaşıl şala, bulud tala.

Göy, ala qumaşa, dağlar.

Baş dumanla daranıbdır,

Ab-havanı var anıbdır.

Qüdrətdən xoş yaranıbdır,

Layiq naza, yaya, yaza,

Həm payıza, qışa, dağlar.

Qartal qaşda zəfər çalar,

Dərin xəyallara dalar.

Şığar, süzər, şikar alar,

Yerə sərər məğrur bir ər,

Qanad verər quşa, dağlar.

Sərrafam, səndən dilədim,

Ömrümü ömrə bələdim.

At belində mürgülədim,

Var xəbərin, getdim dərin.

Hərdən şirin huşa, dağlar.