1158: YAYLAQ

YAYLAQ

Söylə görüm, hanı səndə,

Min cür cəlal quran, yaylaq.

Üstündən köçdü ellərin,

Qaldın yalqız, viran, yaylaq.

Yaman yanır-yaxılır qəlb,

Gəl dayaq ol, yıxılır qəlb.

Bu gün yenə sıxılır qəlb,

Əzəlini görən yaylaq.

Gül-çiçəksiz, sanki cansız,

Dilsiz, ağızsız, insansız.

Bulaqların mərd mehmansız,

Sağalarmı yaran, yaylaq?

Yolum sənə cada düşdü,

Ömrüm sanki bada düşdü.

Qocalığım yada düşdü,

Səni gördüm örən yaylaq.

Sərraf Qasım sənə qardaş,

Qarlı qaya, qarlı hər daş.

Bundan sonra sənə sirdaş,

Olsun çovğun, boran, yaylaq.