1155: SƏDALANSIN

SƏDALANSIN

Könül, rübabın asta çal,

Həzin-həzin sədalansın.

Xoş qədəmli əziz dosta,

Dur, qurban kəs, qadalansın.

Ürəkdə qalmasın nisgil,

Dost yoluna əkilsin gül.

Sar gözünə çəkilsin mil,

Düşmən üstə od ələnsin.

Ağla dostun bəd günündə,

Sevin dostun şad günündə.

Dostsan, dostun ad günündə,

Qoyma, dostun hədələnsin.

Zər vur, zərnişana dönsün,

Əziz, mehribana dönsün.

Qoyma qəlbi qana dönsün,

Dostun bağrı zədələnsin.

Dur dostun daşı yanında,

Hər işin aşı yanında.

Kişi, mərd - kişi yanında,

Qoyma bir mərd gədalansın.

Dostsan, əl çək dost qəsdindən,

Badə al, mərd dost dəstindən[1].

Tost[2] üstünə, tost üstündən,

Şirin nuşlu dad ələnsin.

Sərraf Qasım, sağlıq deyək,

Dostla birgə gülümsəyək,

Məclisində halal yeyək,

Şirin nuşla badələnsin.

[1] Dəst – əl

[2] Tost – süfrə başında deyilən xoş arzular