1154: BİR BAX

BİR BAX

Endirəndi, qaldırandı,

Hökmdardı, bəxtə bir bax.

Çox da zərli-zibalıdır,

Çevriləndə, taxta bir bax.

Bu dünyada ola düzlük,

Nə sizlikdir, nə də bizlik.

Əlacsızıq, çarəsizik,

Yoxsulluq var yoxda, bir bax.

İş görəndə “Bismillah” de,

Yaradana ya Rəbb, şah de.

Yön çevir sən, ya Allah de,

Göydən baxır, haqq da bir bax,

Başında yaqut tac oldu,

Doymadı heç, göz ac oldu.

Yığdın, yığmadın necoldu?

Az da getdi, çox da bir bax.

Özündən gücsüzü bəyən,

Heç vaxt olma “mənəm” deyən,

Sərraf Qasım, haram yeyən,

Qusur onu laxta, bir bax.