1152: ALLAH-ALLAH (Bilirsənmi)

ALLAH-ALLAH (Bilirsənmi)

Bilirsənmi, sənə qanad,

Qol verəndi Allah, Allah.

Gedər olsan dərgahına,

Yol verəndi Allah, Allah.

Şükür eylə axşam, səhər,

Özü bilər ki, nə təhər.

Kimə şəkər, kimə zəhər,

Bal verəndi Allah, Allah.

Qazan, onun etimadın,

Çağır hər vaxt min bir adın.

İstə ondan saf muradın,

Al, verəndi Allah, Allah.

Yaxış düşün, eylə xəyal,

Verdiyini alar dərhal.

Kərəm edib, xoşbəxt iqbal,

Xal verəndi Allah, Allah.

Sərraf Qasım, ey ağlı kəm,

Can sağ olsun, eyləmə qəm.

Əldən qismət alandı həm,

Bol verəndi Allah, Allah.