1150: SOLMAYASAN

SOLMAYASAN

Mən bir bülbül, sən bir gülsən,

Neyləyim ki, solmayasan.

Kölnümdəki eşqi açıb,

Söyləyim ki, solmayasan.

Parlaq ulduzam bəxtində,

Qönçənin açan vaxtında.

Səni qəlbimin taxtında,

Əyləyim ki, solmayasan.

Nazlandırdın göy çəməni,

Məst eylədi hüsnün məni.

Məhəbbətlə məşğul, səni,

Eyləyim ki, solmayasan.

Durmuşam eşq keşiyində,

Qəlbinin ev-eşiyində.

Çalınır eşq beşiyində,

Laylayım ki, solmayasan.

Sərraf, nə bez, nə də usan,

Eşqi elə bilmə asan,

Gəl, sevgilim, şamamasan,

İyləyim ki, solmayasan.