1149:MƏN (Koroğlu kimi)

MƏN (Koroğlu kimi)

Babam Qoç Koroğlu kimi,

Dəliqanlı, kinliyəm mən.

Barışmazam düşmənimlə,

Dosta məqsədyönlüyəm mən.

Uca “Göyəzən”dən olmaz,

Qartal onsuz qanad çalmaz,

“Çənlibel”dən geri qalmaz,

“Şahdağ” başı çənliyəm mən.

Olmamışam var aşiqi,

Olmuşam ilqar aşiqi,

Məclislərin yaraşığı,

Sazlı, sözlü, şənliyəm mən.

Xoş arzular niyyətimdə,

Varımdır saf eşq qəlbimdə,

Vəfalı aşiqəm həm də,

Məşuqların könlüyəm mən.

Nə qədər ki, ölməmişəm,

Xalqımı sevməkdi peşəm.

Sərrafam, təəssübkeşəm,

Sənliyəm mən, mənliyəm mən.