1148: OLAR

OLAR

Düz deyirlər, könül sevən,

Bağın dolu barı olar.

Məhəbbətin yaşıl tağı,

Şamaması sarı olar.

Sözümü sına şəst üçün,

Dost oldum, demə qəsd üçün.

Ayrılsan, əziz dost üçün,

Ürəyin qubarı olar.

İşin sonun bilə-bilə,

Tərəqqidə qalxma zilə.

Çəkmək üçün tənəzzülə,

Həyatın ovsarı olar.

Çoxdur ömür-gün bədbəxti,

Ya sən, ya da mən bədbəxti.

Bu dünyanın ən bədbəxti,

Bir də bəxtiyarı olar.

Bilmirsənsə, bil, dəmidi,

Əcəl onun həmdəmidi.

Can gedərgi bir gəmidi,

Onun da avarı olar.

Nə don tək əyinə geyil,

Nə hər kəsə salma meyil.

Dağ qarsızsa, o, dağ deyil,

Uca dağın qarı olar.

Könül olsa, haqqa sarı,

Gözləsə hər insan arı.

Sərraf Qasım, öy bu yarı,

Ömrün vəfadarı olar.