1146: EL MƏHƏBBƏTİ

EL MƏHƏBBƏTİ

Sözlərim el aşığına,

El məhəbbəti deyilmi?

Məclislər yaraşığına,

El məhəbbəti deyilmi?

Aşıq, eşqin gözlərində,

Duydum həyat sözlərində.

Hər vaxt gəzən izlərində,

El məhəbbəti deyilmi?

Telli sazın nidaları,

Aşiqlərin sədaları.

İçilən eşq badələri,

El məhəbbəti deyilmi?

Bülbülün vardı gül qəmi,

Yaşadan odur Dilqəmi.

Elin sevinci, ələmi,

El məhəbbəti deyilmi?

Sərraf, de, bilsinlər barı,

Hər dahinin iftixarı,

Ölməz edən sənətkarı,

El məhəbbəti deyilmi?