1145: NƏ VAR, NƏ YOX

NƏ VAR, NƏ YOX

(Sərraf Qasım 1970-ci ildə Bərdə rayonunda işləyərkən bu şeirini məktub vasitəsilə Naxçıvana qardaşı Aşıq Müslümə yazıb göndərir)

Ey istəkli əzizlərim,

Bizim yerdə nə var, nə yox?

Sizi məndən hey soruşur,

Tərtər, Bərdə, nə var, nə yox?

Kəklik ötər güllü yazda,

Dilə gələr telli saz da.

Mehribanım Xan Arazda

Dəli Kürdə nə var, nə yox?

Yaşayıram həvəsinə,

Ayrılmayır könül yenə,

O ana vətəndən mənə,

Yazın orda nə var, nə yox.

Sən sərrafsan, o da yaqut,

Onu nə at, nə də unut,

Doğma yurdundan soraq tut,

Soruş bir də, nə var nə yox.

Bəhrəsini dərən varmı?

Səfasını sürən varmı?

Etibarın görən varmı?

Bir ömürdə nə var, nə yox?

Görüşümüz baxta-baxtdı,

Sevincim yox, qəmim çoxdu.

Burda bir həmdəmim yoxdu,

Düşdüm dərdə, nə var, nə yox?

Yad edirəm mən hamını –

Xoşbəxtini, nakamını,

Sərraf Qasım, salamını,

Yetir mərdə, nə var, nə yox?