1142: DÜNYADAN KÖÇƏNDƏ (Daşqın)

DAŞQIN

Əziz dostum və ustadım Məzahir Daşqının qardaşı Vahid müəllimin vəfatına həsr edirəm.

Atan dünyadan köçəndə,

Ağlatdın aləmi, Daşqın.

Fələk verdi, sən də aldın,

Qəm üstündən qəmi, Daşqın.

Tanrı verib, əzəl əmri,

Torpaqdan yoğrub xəmri.

Əbədi sanma sən ömrü,

Dəryada bir gəmi, Daşqın.

Həyat zəhər, həyat baldı,

Onu verən bir gün aldı.

Bir düşün, gör necə oldu,

O Cəmşidi - Cəmi, Daşqın.

Xilqətinə nizam baxır,

Gah qaldırır, gah da yıxır.

Fəqət, şirin ömrü axır,

Acı olur tamı, Daşqın.

Yəqin etdim düşündükcə,

Yaranmış nə varsa, məncə.

Əcəl atır incə-incə,

Sağa-sola ramı, Daşqın.

Şirinsə də arzu, murad,

Çox könüllər gördüm bərbad.

Mən dünyada görmədim şad,

Sən şad gördün kimi, Daşqın?

Bardan qalıb barlı bağlar,

Tale, hanı o xoş çağlar?

Mən – Sərraf Qasımam ağlar,

Sənin kimi, hamı, Daşqın.