1139: VALLAH-BİLLAH

VALLAH-BİLLAH

Kimdə varsa o gözəllik,

Məlahətdir, vallah, billah.

O hüsnə hər gün edilən,

İbadətdir, vallah, billah.

Dönük olma, sən ki, yarsan,

Məhəbbətdə uduzarsan.

İlk eşqini daşa vursan,

Xəyanətdir, vallah, billah.

Sevirsənsə, ey qəlbi nur,

O ad ilə sən ol məşhur.

Eşq həyata ilk addımdır,

Zəmanətdir, vallah, billah.

Sevib-sevilmək nə ardı,

Eşq özü də novbahardı.

O, gəncliyə yadigardı,

Əmanətdir, vallah, billah.

Sevilməyə layiq olmaq,

Ovçu kimi sayıq olmaq.

Sevdiyini duyuq salmaq,

Məharətdir, vallah, billah.

Dərib onu öz əlinlə,

İylə, bihuş ol gülünlə.

Qovuşsan öz sevgilinlə,

Səadətdir, vallah, billah.

Eşq ayrılmaz etibardan,

Vəfadan, həm düz ilqardan.

Yar həyatdan, həyat yardan,

Əlamətdir, vallah, billah.

Bürüməsin kədər üzü,

Şad eləsin vüsal bizi.

Sərraf Qasım, həyat özü,

Nəhayətdir, vallah, billah.