1138: VARSIZ

VARSIZ

Həyatda insan belədi;

Biri varlı, biri varsız.

İnsan var ki, sonlu, sonsuz,

Biri barlı, biri barsız.

Kiminin yolu qayalı,

Kimi edir xan xəyalı.

Kimisi var şux mayalı,

Kimi nərli, kimi nərsiz.

Qalx, qarşında duran dağı,

Çulğasa da boran dağı.

Var dağ dağı, aran dağı,

Biri qarlı, biri qarsız.

Gen gündə qəlbi sıxılan,

Az deyil, yanan, yaxılan.

Vardı yıxan, var yıxılan,

Biri girli[1], biri girsiz.

Həyatda fərq olmaya kaş,

Fəqət, fərqə çox oldum tuş.

Var yuvalı, yuvasız quş,

Biri yerli, biri yersiz.

Biri içib mey dolanır,

Biri vurub pey dolanır.

Gərdiş kimi hey dolanır,

Biri sirli, biri sirsiz.

İxtiyarlı, biixtiyar,

Əzəldən belədir aşkar.

Arxalı var, arxasız var,

Biri arlı, biri arsız.

Sərraf Qasım düşüb köşkün,

Heyif, ömür olur beş gün.

Pullu kəsgin, pulsuz düşgün,

Biri karlı, biri karsız.

[1] Girli – qüvvətli