1137: HƏQİQƏTDİR

HƏQİQƏTDİR

Həqiqət var əfsanədir,

Əfsanə var həqiqətdir.

Xəzinən də olsa əgər,

Torpaq udar həqiqətdir.

Halallıqla kəs dəhnəni,

Gör özündə hər səhnəni.

Yaşadan nədirsə səni,

Onu axtar, həqiqətdir.

Zordur, gücdür biləkdəki,

İtirmə, duz çörəkdəki,

Sınanılıb ürəkdəki

Eşq, etibar həqiqətdir.

Az deyil, bölən, böldürən,

Gücsüzə gücün bildirən.

Qəmgini də var güldürən,

Hökm-ixtiyar həqiqətdir.

Gün gələr ki, qalar bir gün,

Hər an insan ol sən, hər gün.

Sərraf Qasım gəlib bir gün,

Gedər bir gün həqiqətdir.