1135: DƏRDLİ KAMAN

DƏRDLİ KAMAN

Mənim kimi kədərlənib,

Çalır yenə dərdli kaman.

Hərdən-hərdən könülləri,

Alır yenə dərdli kaman.

Ələsgərin sözü kimi,

Ədalətin sazı kimi.

Dərdli insan gözü kimi,

Dolur yenə dərdli kaman.

Keçmişlərdən gəlir səda,

“Siz atlısız, biz piyada”.

Ulu babaları yada,

Salır yenə dərdli kaman.

Tez gəl, kəs, aman ağrımı,

Artırır yaman ağrımı,

Hər gün yaralı bağrımı,

Dəlir yenə dərdli kaman.

Sərraf Qasım, bax ilqara,

Harda varsa, sevinc ara.

Qəm içində xəyallara,

Dalır yenə dərdli kaman.