1134: HARDAN OLACAQ

HARDAN OLACAQ

Almağım yox, verməyim yox,

Hörmətim hardan olacaq?

Kəsilibsə səxavətim,

Şöhrətim hardan olacaq?

İşim çoxdan həll olunub;

Möhürüm əldən alınıb.

Çətin ki, bir də salınıb,

Söhbətim hardan olacaq?

Vəzifə nakamalındı,

Əldən dolu cam alındı.

Verilən də tam alındı,

Qismətim hardan olacaq?

Eyş-işrətim, dön, gəl, alım,

Var çox qəmim, çox məlalım.

Getdi, bir də o cəlalım,

İzzətim hardan olacaq?

Kimə yeyin bəxt verilib,

Nə vaxt ona taxt verilib.

Mənə çox dar vaxt verilib,

Möhlətim hardan olacaq?

Mən Sərrafam, zaman məndən,

Üz döndərib yaman məndən.

Daha yoxdur uman məndən,

İşrətim hardan olacaq?