1133: MƏNƏM

MƏNƏM

Eşq özü bir uca dağdır,

Zirvəsinin qarı mənəm.

Məhəbbətin güneyində

Quzeyində ərimənəm.

Siması nurdur, ağcadır,

Sanki bir dolu boğçadır.

Sevdicəyim, yar-bağçadır

Budağının barı mənəm,

Şövqü var yanaq xalının,

Duruşunun, al şalının.

Məni sevən vəfalının,

Əzəl vəfadarı mənəm.

Bil, namusum, arım odur,

Bölünmüşəm, yarım odur.

Mənim iftixarım odur,

Onun iftixarı mənəm.

Görürəm mən etibarın,

Düz sevdasın, düz ilqarın.

Sərraf Qasım deyər yarın,

Sirdaşı, həm yarı mənəm.