1130: KEÇMİR

KEÇMİR

Bir şairəm el içində,

Düz yazıram, sözüm keçmir.

Haqsızlıqdan illər boyu,

Yanıram mən, közüm keçmir.

Məni yurdumdan qovan var,

Deyir: nə yurdun-yuvan var.

Nə ədalət, nə divan var,

Əyrim keçir, düzüm keçmir.

Demə, bizə olan olub,

Səbir, təmkin kasam dolub.

Düşmən yurda matəm salıb,

Dərdə necə dözüm, keçmir?

Qurtarmadım alaqlardan,

Bar görmədim calaqlardan.

İbarətdir bulaqlardan,

Yaşsız bir an gözüm keçmir.

Diksinirəm mən bir səsdən,

Sarsılıram, qərəz-qəsdən.

Ya Rəbb, niyə ömrüm üstən,

Qışım keçir, yazım keçmir?

Azadlığa atılır can,

Sərraf Qasım, tökülür qan.

Kəsilir insanlar qurban,

Nə bir qoçum, quzum keçmir.