1129: KİMİ (Yatan bəxtim)

KİMİ (Yatan bəxtim)

Yatan bəxtim, nə yatmadın,

Nə durmadın duran kimi.

Mənə nə bir yara vurdun,

Nə vurmadın vuran kimi.

Atdın mənə nə ox, yordun,

Gözü, könlü nə tox yordun.

Köhlənimi nə çox yordun,

Nə yormadın, yoran kimi.

Bir him açdım, nə iş verdin,

Divarıma nə daş verdin.

Üzüyümə nə qaş verdin,

Nə vermədin, verən kimi.

Sərraf Qasım, çoxdu dərdin,

Kim deyir ki, yoxdu dərdin.

Dünyada nə vüsal gördün,

Nə görmədin, görən kimi.