1128: BAĞLI

BAĞLI

Ləçəklənib açılmazdı,

Gül olmasa yaza bağlı.

Bahar olsa ömrə bağban,

Ömür olar təzə bağlı.

Ürək eşqi var anmışdır,

Sevda teli daranmışdır.

Məhəbbətdən yaranmışdır,

Hər gözəllik gözə bağlı.

Qartal qıydan-qıya aşar,

Kəklik dağda qaqqıldaşar.

Bu tərzlə həyatda yaşar;

Ceyran, cüyür düzə bağlı.

İgidlər min büsat qurdu,

Meydanlarda məğrur durdu.

Yurdumuzdu - odlar yurdu,

Adı oda, közə bağlı.

İgid olmur Qazan kimi,

Yazdım Qorqud yazan kimi.

Qopuz çaldım ozan kimi,

Oldum telli saza bağlı.

İlham verir mənə inam,

Doğub məni sözlü anam.

Sərrafam – söz yaradanam,

Təbidarım sözə bağlı.