1123: XƏYAL

XƏYAL

Əzəl gündən qədir bilən dostların,

Billəm qədrin, əhli-halam, əhli-hal,

Bu deyil xəyal.

Bu ki, xəyal deyil, bir həqiqətdir,

Dostların qəlbində qurmuşam cəlal,

Yoxdur qəm, məlal.

Yox qəmim, məlalım, arxamda dost var,

Var onlarda namus, mənlik, qeyrət, ar.

Deyirlər: kişisən, kişilik axtar,

Olmayasan bəd qəlb, gözəlsə camal,

Saf olsun amal.

Saf olsun amallar, həm həqiqətlər,

Məni rahat qoymur bu düşüncələr.

Tor qurma dostuna, başına gələr,

Pozular növrağın, gəl, haqdan pay al,

Kam istə, hay al.

Kam istə, hay al ki, yarıyasan sən,

Dost qəlbi sınıqsa sarıyasan sən.

Bayqu olma badda zarıyasan sən,

Mərd ol, vüqarlı ol, qartal tək qıy ol,

Buluddan lay al.

Buluddan lay alıb, tut göy üzünü,

Yeri düşsə, çıxar nankor gözünü.

Dosta xain olsan, öldürt özünü,

Sərraf Qasım deyər: ox, kaman, yay al,

Haqqını say al.