1120: İNCƏ GÜLÜ

İNCƏ GÜLÜ

Könüllər oxşasın, qəlblər alışsın,

Ay aşıq, çal, oxu bir “İncə gülü”.

Ruha mənəviyyat, xəstəyə dərman,

Dosta ver iyləsin bir qönçə gülü,

Ay aşıq, çal, oxu bir “İncə gülü”.

Könül min zövq-səfa sürmək istəyir,

Təbim sözdən çələng hörmək istəyir.

İlham öz bağından dərmək istəyir,

Verə bir gözələ, bir Gəncə gülü,

Ay aşıq, çal, oxu bir “İncə gülü”.

Məna gəz, yatımlı, sözü kəsə de,

Tər güllərə, bülbül gəlib səsə, de.

Əgər ki, təbiət yetirməsə, de,

Kim yetirə bilər çəməncə gülü,

Ay aşıq, çal, oxu bir “İncə gülü”.

Kənardan seyr etmə, gir gülüstana,

Mən nə deyim, zövqsüz olan insana.

Çoxdur məhəbbətim, aşiqəm ona,

Sevirəm canım tək, bir canca gülü,

Ay aşıq, çal, oxu bir “İncə gülü”.

Sərraf Qasım, gülün təravəti var,

Əcəb xoş ətri var, lətafəti var.

Gözəlliyi, həm də məlahəti var,

Rəva deyil, atma bir küncə gülü,

Ay aşıq, çal, oxu bir “İncə gülü”.