1119: ŞAHBUZUN

ŞAHBUZUN

Naxçıvandan keç yuxarı, gör necə

Bir cənnətdir solu, sağı Şahbuzun.

Dərdlərin dərmanı Badamlı kimi,

Səfalıdır hər bulağı Şahbuzun,

Bir cənnətdir solu, sağı Şahbuzun.

“Əyriqar”, “Saatdaş” min iftixardı,

Duruşu elə bil qeyrətdi, ardı.

Kiçik Qafqaz silsiləsi vüqardı,

”Salvartı”sı, ”Keçəl dağ”ı Şahbuzun,

Bir cənnətdir solu, sağı Şahbuzun.

Kəsilməz dağlardan təkə nərəsi,

Hərdən uçar, hərdən səkər fərəsi.

Ələ düşməz nehrəsinin kərəsi,

Beçə balı, sarı yağı Şahbuzun,

Bir cənnətdir solu, sağı Şahbuzun.

Min məna var qayasında, daşında,

Qartal süzər zirvələrin qaşında.

Gözəl kəklik oxur hər daş başında,

Təbiətin hər bir çağı Şahbuzun,

Bir cənnətdir solu, sağı Şahbuzun.

Bura Naxçıvanın dilbər guşəsi,

Seyrindən alırsan həyat nəşəsi.

Zor bulaqlı, yaşıl zümrüd meşəsi,

Alma bağı, üzüm bağı Şahbuzun,

Bir cənnətdir solu, sağı Şahbuzun.

“Batabat”, “Durnalı”, “Qanlı göl”ü var,

“Canat” silsiləli Çənli beli var.

Bir-birindən xoş gəlimli ili var,

Şəndi, firavandı çağı Şahbuzun,

Bir cənnətdir solu, sağı Şahbuzun.

“Gəlin qayası”nın çoxdur möhtacı,

“Şahbulaq” qardaşdı, “Xanbulaq” bacı.

“Gəzavar”, “Çınqıllı” başının tacı,

“Çal dağı”dı çal papağı Şahbuzun,

Bir cənnətdir solu, sağı Şahbuzun.

Üstünə nur yağır şah Zəngəzurdan,

Əsir “Salvartı”ya meh Zəngəzurdan.

Əmir ”Təkəlik”dən şeh Zəngəzurdan,

Bara dolur hər budağı Şahbuzun,

Bir cənnətdir solu, sağı Şahbuzun.

Şirindir burada torpaqda tamlar,

Nur səpələr, yağmur yeri salamlar.

Qatarlanar qövsi-qüzeh axşamlar,

Üfüqlərin min boyağı Şahbuzun,

Bir cənnətdir solu, sağı Şahbuzun.

At belində mərdi mərd inandırar,

Çaparlar bayramda məşəl yandırar.

Qorqud kimi, obaları andırar,

Dağ başının od-ocağı Şahbuzun,

Bir cənnətdir solu, sağı Şahbuzun.

Bizim bu yerlərə gəlməyən, gəlsin,

Güllə gülümsəyib, çiçəklə gülsün.

Səfalıdır bunu, bilməyən bilsin,

Batabatdır Şah yaylağı Şahbuzun,

Bir cənnətdir solu, sağı Şahbuzun.

Burda Dədə Qorqud soyatı çoxdur,

Cahlı-cəlallıdır, büsatı çoxdur.

Sərraf Qasım, söylə, de nəyi yoxdur?

Vardır indi hər növrağı Şahbuzun,

Bir cənnətdir solu, sağı Şahbuzun.