1117: QALASIDIR

QALASIDIR

Doğma kəndim Aşağı Qışlaq haqqında yazdığım şeir.

Doğma Qışlağının vəsfini eylə,

Deyilən yadigar söz qalasıdır.

Buzlu “Zorbulağ”a bir tərif də yaz,

Sözünün cövhərin süz, qalasıdır,

Deyilən yadigar söz qalasıdır.

Aşağı Qışlağın yolları cada,

“Qumlu”, “Vənli” salır minləri yada.

“Xinzirək”, “Maldamı” daim dünyada,

Tək ömrə, vaxt-vədə az qalasıdır,

Deyilən yadigar söz qalasıdır.

Ana yurddur gözlərimdən getməyən,

Min çiçək var, özgə yurdda bitməyən.

Babalardan “Təkəlik”də itməyən,

Nəsildən-nəsilə iz qalasıdır,

Deyilən yadigar söz qalasıdır.

“Ağ qaya”da qalıb ayaq izləri,

“Kələkli”yə gəlib-gedib yüzləri.

Əbədidir “Göllər” gölün düzləri,

Mən köçsəm də o dağ, düz qalasıdır,

Deyilən yadigar söz qalasıdır.

Axar gördüm “Gen dərə”nin sağında,

“Qiblə bulağı” var ”Cəngi dağı”nda.

“Qızxaşdı”, “Çınqıllı”, “Təkbulağ”ın da,

Əbədi çağlayan göz qalasıdır,

Deyilən yadigar söz qalasıdır.

Gəz “Bədəl yurdu”nu danış adından,

Yox dünyada “Təkkələy”in dadından.

Doğma ana kəndin Qışlaq odundan,

Qala ocağını köz qalasıdır,

Deyilən yadigar söz qalasıdır.

Təbiidir Qışlağımın boyası,

“Qoyuntökülən”in saldı mayası.

“Kahalı qaya”sı, “Qızıl qaya”sı,

Bil, Sərraf Qasımın öz qalasıdır,

Deyilən yadigar söz qalasıdır.