1116: QÜRBƏTDƏ

QÜRBƏTDƏ

Vaxtsız ölüm, vaxt ver çatım vətənə,

Kimim var, kim məni ağlar qürbətdə?

Kim alar başımı dizinin üstə,

Kim qəribin gözün bağlar qürbətdə?

Kimim var, kim məni ağlar qürbətdə?

Ölüm ayağında qərib insana,

Ürək verməz qardaş, bacı, qız, ana.

Can üstə xəstəni gətirər cana,

Olsa oğul, doğma dağlar qürbətdə,

Kimim var, kim məni ağlar qürbətdə?

Fatma nənə, ana olmasan mənə,

Son sözümü kim yetirər vətənə?

Sənə gəlir, sənə gümanım yenə,

Kim qəribin yasın saxlar qürbətdə?

Kimim var, kim məni ağlar qürbətdə?

Əli, məzarımı yol üstündə qaz,

Nəqqaşa de; çəksin baş daşıma saz.

Kim oxşar qəribi, mən deyim, sən yaz,

Hansı gözdən çaylar çağlar qürbətdə?

Kimim var, kim məni ağlar qürbətdə?

Qaçmaq olmaz haqq verdiyi cəzadan,

Qərib heç ayrılmaz yasdan, əzadan.

Sərraf Qasım deyər: qəhri-qəzadan,

Quruyar kök, yaşıl tağlar qürbətdə,

Kimim var, kim məni ağlar qürbətdə?