1115: SAZIN, ZÜLFİYƏ

SAZIN, ZÜLFİYYƏ

Aşıq bacım Zülfiyyə İbadovaya ithaf edirəm.

Çal sazın çağlasın, ay aşıq bacım,

Tanıdır xalqını sazın, Zülfiyyə.

Allahdan almısan yaraşıq, bacım,

Var ismətli ana üzün, Zülfiyyə,

Tanıdır xalqını sazın, Zülfiyyə.

Yurdunun cəh-cəhlə ötən qızısan,

Gülüstanın nadir bitən, qızısan.

Rəmzin Azərbaycan, vətən qızısan,

Millətin özüsən-özün, Zülfiyyə,

Tanıdır xalqını sazın, Zülfiyyə.

Bülbül oxur, açır gül yazın ilə,

Dalır xəyallara el, sazın ilə.

Tanınırsan sazın, avazın ilə,

Çaldıqca sən həzin-həzin, Zülfiyyə,

Tanıdır xalqını sazın, Zülfiyyə.

Yamandır tüstüsü, dərd odununun,

Xodşdu – xoş istisi, mərd odununun,

Bu yurd ocağında, yurd odununun,

Közünnəndi fitrət közün, Zülfiyyə,

Tanıdır xalqını sazın, Zülfiyyə.

“Misri”n, “Cəngi”n, “Boz”un şimşək tək çaxır,

“Cəlili”n, “Ruhani”n qəlbləri yaxır.

Sazından şən ahəng qəlblərə axır,

Gülab tək saçılır sözün, Zülfiyyə,

Tanıdır xalqını sazın, Zülfiyyə.

Sazında “Kərəmi”, “Dilqəmi” ağlar,

Kərəmi, Əsliyə məhəbbət bağlar.

Sərraf Qasım deyər: sənətin çağlar,

Bulaqlar gözündü-gözün, Zülfiyyə,

Tanıdır xalqını sazın, Zülfiyyə.