1114: ELƏ DEYİRƏM

ELƏ DEYİRƏM

Elatdan[1] yazıram, eldən yazıram,

Həmişə sözümü elə deyirəm.

Seyr edib vətənin laləzarlığın,

Nəğməmi çiçəyə, gülə deyirəm,

Həmişə sözümü elə deyirəm.

Təbiət dostuyam, təbim ilə mən,

Şahinlər məst edib qəlbim ilə mən.

Ata, baba qoymuş dəbim ilə mən,

Dağlı, aranlıyam, belə deyirəm,

Həmişə sözümü elə deyirəm.

Təbiət bəxş edib gözü bulağa,

Xoş səsi kəkliyə, xoş ətri bağa.

Marallı meşəyə, təkəli dağa,

Sözümü ceyranlı çölə deyirəm,

Həmişə sözümü elə deyirəm.

Sərraf Qasım, çatıb tərlanın boya,

Hay var təbiətdə bax, qara, qıya.

Qartal zirvələrə, durna səmaya,

Sona da layiqdir gölə deyirəm,

Həmişə sözümü elə deyirəm.

[1] Elat - xalq