1113: ÖZÜMÜZ

ÖZÜMÜZ

Tələbə yoldaşım Şəkkül Ələsgərova ithaf edirəm.

Bir sadiq dost kimi, bir qardaş kimi,

Arxa olaq özümüzə özümüz.

İtirməyək kəsdiyimiz çörəyi,

Şirin deyək duzumuza özümüz,

Arxa olaq özümüzə özümüz.

Bağban bilər, nədir bağçanın varı,

Bir bağ salaq versin səadət barı.

Biz əzəli unutmayaq ilqarı,

Sadiq olaq sözümüzə özümüz,

Arxa olaq özümüzə özümüz.

Gəl, cahanın dostluq seyrinə çıxaq,

Bəhri-ümman olub bir səmtə axaq.

Sərraf Qasım deyər: kölgəsiz baxaq,

Mərdlər kimi gözümüzə özümüz,

Arxa olaq özümüzə özümüz.