1112: XƏBƏRSİZ

XƏBƏRSİZ

Nə müddətdir, ay qız, eşqin qəlbimdə,

Sizi yaşadıram, sizdən xəbərsiz.

Sevda göylərini süzüb gözümlə,

Gözünə baxıram, gözdən xəbərsiz,

Üzünə baxıram, üzdən xəbərsiz.

Məhəbbət bənzəməz nə vara-mülkə,

Baş endirməz nə mənsəbə, nə silkə.

Öz-özümdən sual etdim mən, bəlkə,

Hürküb yenə ceyran düzdən xəbərsiz?

Qaçır ovçusundan tezdən xəbərsiz.

Sərraf Qasım deyər: gövhər sözlü mən,

Eşq oduna yanar sinəm, közlü mən.

Xeyli gəzdim arxasınca gizli mən,

Nə biləydi, gözəl bizdən xəbərsiz?

İzinə düşüblər, izdən xəbərsiz.