1111: ANADIR

ANADIR

Min xəzan olsa da, heç zaman solmaz,

Könüllərin laləzarı anadır.

Həyat əşrəfini doğan, bəsləyən,

Verən bizə ilk nübarı anadır.

Baş əyək həmişə həmin günə biz,

Birdir ürəyimiz, odlu sinəmiz.

Torpaqdan yoğrulmuş, Həvva nənəmiz,

Bu dünyanın iftixarı anadır.

Axıb eynim[1] yaşı dönübdür nəhrə,

Qüdrətə bax, iki cahana bəhrə.

Verir şəfaətin Fatmeyi-Zəhra,

Həsən, Hüseyn yadigarı anadır.

Ürəyim açılır, mehrin sayanda,

Yaxşı işlərini alqışlayanda,

Günahkar övladı bağışlayan da

Uçuran zidanı, darı anadır.

De, nə var mənaca anadan dərin?

Odur varlıqlarda şirindən şirin.

Adını gözləyən oğulun, ərin,

Namusu, qeyrəti, arı anadır.

Yol getdim mən ancaq torana kimi,

Anasız ev gördüm, viranə kimi.

Ananın yerində bir ana kimi,

Hər kəsə öz bacıları anadır.

Ulu ata-baba göstərib yolu,

Misallar çəkiblər hikmətlə dolu.

Ata kökdür, övlad qanadı, qolu,

Onların da əzəl yarı anadır.

Övladından dönməz, istər çək sinə,

Çəkər öz dərdini, çəkər tək sinə.

Qətrədən çəkilən insan əksinə,

Can verən də, baş memarı anadır.

Ana anasıdır bəşəriyyətin,

Övladlar, analıq çətindir-çətin.

Qədrini bilək ki, həyatda mətin,

Yaranmış varlıqlar varı anadır.

Sərraf Qasım gözlərində çən gəzən,

Gözdən olub, əl uzadıb, ün gəzən.

Övlad deyib, saçlarında dən gəzən,

Gözəldir o, həmin qarı anadır.

[1] Eyn - göz