1109: O, QARTAL DEYİL

O, QARTAL DEYİL

Qıy vura bilməyib, dönərsə geri,

Uca zirvələrdən o, qartal deyil.

İylənmiş leş görüb, üstünə ensə,

Qığıldasa hərdən, o, qartal deyil.

Oxunmasa əzəməti üzündə,

Saxlamasa cəsarəti özündə.

Qarğalıq eləsə elin gözündə,

Düşəcək nəzərdən o, qartal deyil.

Dimdiyi düz olsa, alnında qaşqa,

Məhv olar, məqsədsiz o düşsə eşqə.

Gərib qanadların zirvədən başqa,

Uçarsa hər yerdən o, qartal deyil.

Zirvədə bir ləhzə dayansa bikar,

Ovunu qaçırar, qismətin tökər.

Şər qarışan zaman saldırıb şikar,

Ov almasa şərdən o, qartal deyil.

Sərraf Qasım düşüb imtahanlara,

Bildirməsə gücün mərd insanlara.

Hay vurub qalxarsa asimanlara,

Tez düşsə hünərdən o, qartal deyil.