1108: ASAN ASILI

ASAN ASILI

Diqqət et, gərdişi-dünyaya bir bax,

Hökm ixtiyardan asan asılı.

Güvənməsin qüruruna güvənən,

Vaxt olar ki, zordan asan asılı.

Qail ol bəxtinə, artırma enlik,

Quş tək eşələnib, axtarma dənlik.

Olsa qeyrət, hünər, kişilik, mənlik,

Namus, vicdan ardan asan asılı.

Hər vaxt insanlıqda olmuş ünsiyyət,

Sınanmış dostluqda bu bəşəriyyət.

Görmüş yaxşı səmimiyyət, ülviyyət,

İlaqar etibardan asan asılı.

Sözün mənasında mənalar seçin,

Ucalar aparır alçağın köçün.

Hər zaman həyatda ehtiyac üçün,

Yoxsul olan vardan asan asılı.

Sərraf Qasım, insanları qusduran,

Qan tökməklə bu dünyanı susduran.

Gərək unutmasın insan asdıran,

Cəllad olan dardan asan asılı.