1107: ATADIR

ATADIR

Əzəl o xaliqi-sübhandan sonra,

Bəxş edən cahana bizi atadır.

Cismində nəfəsdir, al qandır həm də,

Hər ürəyin vuran nəbzi atadır.

Mətləb üstə gəlim, çıxım haradan?

Bizi yaradıbdır uca yaradan.

Yaranışın başı başlar oradan,

Adəm yadigarı – izi atadır.

Atasız açılmaz ömründə bir gül,

Miskin keçib, olar hər günün bir il.

Ağ olma üzünə, mülkü səlsəbil,

Şəfa çeşməsinin gözü atadır.

Yetim gördüm, kəsik başa bənzəyir;

Çılğınlaşıb, itmiş huşa bənzəyir.

Atasız evlər var, daşa bənzəyir,

Ailənin baharı, yazı atadır.

Ariflərdir işarədən söz qanan,

Qədir-xumda oldu inşası, inan.

Yeddi yolda qurub, bir minbər yonan,

Mərdlər üçün mərd cihazı atadır.

Nə qədər əzizdir, o böyük insan?

Ona səcdə qıl ki, canında cansan.

Körpə dil açanda mənasın ansan,

Anadır, ibtida sözü atadır.

Atalardır bizə pasiban ərən,

Dəvət edib bizi haqqa göndərən.

İbtidada bizə tərbiyə verən,

Göstərən doğrunu, düzü atadır.

Al kamını ondan, iç, ələ düşməz,

Onun sayəsində uç, ələ düşməz.

Bir maddi varlıqdır, heç ələ düşməz,

Ürəklərin dadı, duzu atadır.

Bu həyatda qismət deyil, kimə sin?

Hər cəfaya dözüb açır sinəsin.

Ata kimdir? heç kim mənəm deməsin,

Dolandıran cümləmizi atadır.

Qail ol, atana etmə xəyanət,

O da əmanətdir, sən də əmanət.

Övladına verdiyindən zəmanət,

Kam üçün dərd çəkən özü atadır.

Sərraf Qasım yalan demir birin də,

Söz deyəndə dolandırar sərində[1].

Düşüncəsi varsa ata yerində,

Yurdçudur hər oğlu, qızı atadır.

[1] Sər - baş