1106: CEYRANI, DAĞLAR

CEYRANI, DAĞLAR

Qovuşmaq çətindir ötən vaxt kimi,

Ayırma özündən ceyranı, dağlar.

Gəldi-gedər el qızının nəğməsi,

Oxu sən üzündən ceyranı, dağlar.

Sağa, sola çevir, gətir çölə, tut,

Qaldır, sona uçub, düşsün gölə tut.

Onu şirin dindir, şirin dilə tut,

Heç qoyma gözündən ceyranı, dağlar.

Sənin vurğunundur o, əzəl gündən,

Dərib güllərini şehli çəməndən.

Dəliqanlılığı öyrənib səndən,

Hürkütmə izindən ceyranı, dağlar.

Güc alar, səsini səsinə qatsan,

Xoş olar, laylanla onu uyutsan.

Həmişə baharsan, sən ki, həyatsan,

Doydur ilk yazından ceyranı, dağlar.

Mən Sərraf Qasımam, gözümdür ovlar,

Əzizdir hər kəsə lazımdır ovlar.

Gözləyək doğmadır, bizimdir ovlar,

Yad ovçu dizindən ceyranı, dağlar.