1105: GƏRƏK ŞAH OLSUN

GƏRƏK ŞAH OLSUN

Şair, verməlidir məna yazdığın,

Şerin hər misrası gərək şah olsun.

Süzülüb hər kəlmə sözün hikmətdən,

İlhamın mayası gərək şah olsun.

Varsa məhəbbətin, varsa hünərin,

Elə sat, alınsın söz-simuzərin.

İfadə eyləsin fikrini dərin,

Sözün mübtədası gərək şah olsun.

Mənasız yazmaqla olarsan xəstə,

Mənalı yazmağı Allahdan istə.

Əsrlərlə sözün dursun taxt üstə,

Məntiqi, çalması gərək şah olsun.

Çıxsaq uluların getdiyi izdən,

Nə görüb götürər nəsillər bizdən?

Oxucu nə anlar biganə sözdən?

Yaddaşda qalası gərək şah olsun.

Sərraf Qasım, hər sözünün əsəri,

Olmalıdır qılınc kimi kəsəri.

Söz gərək kövrəltsin daş ürəkləri,

Fəth edib alması gərək şah olsun.